"Formamızda iki ulduz görmək istəyirəm"

"Formamızda iki ulduz görmək istəyirəm"<span class="qirmizi"></span>

"Bu, bizim 9-cu çempionluğumuzdur. Çox sevinirəm. Bugünkü matç dostluq oyunu kimi görürəm. Onsuz da nəticəyə çox təsir etməyəcəkdi. Oyunda bir az həyəcan gözləyirdim".

SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O, fikirlərinə belə davam edib:

"Şəhidimizin atası Mütəllim bəylə tanış olmaq mənim üçün mənəvi olaraq çox önəmli hadisə oldu. Onun gözündəki müqəddəs işıq mənə çox təsir etdi. Həm sevincliyəm, həm də onun kədərini bölüşdüm. Mənim üçün unudulmaz bir gün oldu. Çox gözəl bir insanla tanış oldum. İstəyirəm ki, bütün klublarımız avrokuboklara yaxşı hazızlaşsınlar. Hamısı bizim üçün doğmadır. Rəşad Sadıqov bizim üçün çox doğma insandır. "Zirə" komandasına uğurlar arzulayıram".

Tahir Gözəl bildirib ki, illər keçdikcə Ağdam təmsilçisinin təcrübəsi artır: "Qarabağ"ın təcrübəsi artır. Biz bunu hiss edirik. "Qarabağ"ın artıq çox ləzzətli, özünəməxsus bir oyun tərzi var. Qurban müəllimin illərdir çəkdiyi zəhmətlə bu dəst-xətt yaranıb. Bu enerji ilə Avropada uğurlu olarıq. İki ümidim var. Formamızda iki ulduz görmək istəyirəm. 10-cu çempionluğumuzu səbrsizliklə gözləyirəm. O da bir tarix olsun. Növbəti istəyim isə Çempionlar Liqası qrupundan çıxmaqdır. Bu iki tarixi hadisəni görmək istəyirəm".

T.Gözəl yay transfer pəncərəsində görüləcək işlərlə bağlı baş məşqçi Qurban Qurbanovla müzakirə apardığını deyib: "Vaxt azdır. Qurban Qurbanovla danışmışıq. Bəzi oyunçular getmək istəyir. Onlarla danışıq aparırıq. Yeni futbolçular axtarırıq. Bir-iki oyunçu var ki, onların üzərində işləyirik. Hazır olanda Qurban müəllimə təqdim edəcəyik. Bu barədə fikir ayrılığımız yoxdur. Baş məşqçinin istəklərinə cavab verməyə hazırıq".

Mənbə: sia.az