"Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil" - Samir Abasov

"Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil" - Samir Abasov<span class="qirmizi"></span>

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Çox uğurlu mövsüm keçirdilər. Düşünürəm ki, 2-ci yer qoyulan məqsəd idi və futbolçularım ona nail oldular. Futbolçular həddindən artıq təzyiq altında oldular. Özünüz gördünüz ki, nə qədər oyuna itkilərlə çıxdıq. Bu gün Eminin, Azərin olmamağı oyunumuza təsir etdi".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Soyunub-geyinmə otağında futbolçularımı bu mövsümə görə təbrik etdim. "Qarabağ" kimi komandaya qarşı səhvlər etsən, bu qədər təcrübəsi olan komanda səni bağışlamaz. Gənc futbolçularımız var ki, bu cür oyunlar üçün hələ yetişməyiblər. Amma düşünürəm ki, belə oyunlarla da böyüyəcəklər. "Neftçi"ni təbrik edirəm. Fikirləşirəm ki, 2-ci yer pis nəticə deyil" - deyə o bildirib.

S.Abasov Emin Mahmudov və Azər Əliyevlə arasında anlaşılmazlıq olduğu ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Bu, ümumiyyətlə reallıq deyil. Haradan qaynaqlandığını yaxşı bilirsiniz. Yaxşı olar ki, bu haqda futbolçuların özlərindən soruşasınız. Onlar mənim xarakterimi çox yaxşı bilirlər. Futbolda və futboldan kənar onlardan nə istədiyimi bilirlər. İkinci yeri tutmağımız bir-birimizin arasında olan yaxşı münasibətdən irəli gəlir. Futbolçularımla aramda heç bir problem olmayıb.

"Neftçi"dən qalıb-qalmayacağını bilmədiyini söyləyən mütəxəssis mövbəti mövsümə rotasiya başlayıb-başlamayacağı sualı belə cavablandırıb: "Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil. Bugünkü situasiyanın acı nəticəsi həmin heyəti əlimizdə saxlamamağımız idi. Çempion olan heyətdən 5 nəfər qalmışdı. Bu da təsirsiz olmaya bilməzdi. Ötənilki tempi saxlamaq mümkünsüz idi. Hər şeyin fiaskoya getməməsi üçün yaxşı, zövqlü oyunu kənara atdıq. Komandanın pis oynamasının səbəbkarı da mənəm. Çünki özüm bunları bilərəkdən etdim ki, mövsümün sonunda ikinci yeri tuta bilək".

S.Abasov azarkeşlərin komandanın ikinci yeri tutmasından narazı olması ilə əlaqədar deyib: "Azarkeşlər həmişə narazı olmalıdır. Çünki onlar birinciliyi, avrokuboku istəməlidir. Bu, onların haqqıdır. Onların bəziləri ilə görüşüb danışmışam. Onların istəklərinin qarşısına mənim sadaladıqlarımı bəhanə kimi qəbul edə bilərsiniz. Azarkeş birinciliyi istədiyi üçün heç kim onları qınaya bilməz. Əsl azarkeş də belə olmalıdır".

Mənbə: qol.az