Kadi Borges: "Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsi olmalıdır"

İdman Araşdırmalar Mərkəzi sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borges müfakatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

- Mövsümün ən oyunçusu seçildiniz. Bununla bağlı təəssüratlarınız necədir?
- Son aylar möhtəşəm hisslər yaşayıram. Həm çempionluğun qeyd olunması, həm də bu cür mükafatlara layiq görülməyim xoş hisslər yaradır. Möhtəşəm bir komandanı təmsil etdiyim üçün xoşbəxtəm. Mükafatı onlara həsr edirəm. Bu uğura bütün komanda yoldaşlarım layiqdir. Onların dəstəyi olmadan bunu əldə edə bilməzdim. Bu, həm də “Qarabağ” ailəsinin uğurudur.

- 12 qolla Premyer Liqanın bombardiri oldunuz. Halbuki buna qədər ən məhsuldar oyunçu daha çox qol vururdu. Az topla bombardir olmağınız rəqabətdən qaynaqlanırdı?
- Sadəcə öz komandamla bağlı danışa bilərəm. Fikir verdinizsə, həm Abdullah Zubir, həm İbrahima Vadji geridən gəlirdi. Bu, əsl kollektiv göstəricisi idi. Komanda sırf bir nəfər üçün çalışmırdı. Ümumi komandanın uğuru olduğu üçün hamı bir amala xidmət edirdi. Konkret bir futbolçunun bombardir olması məqsədi yox idi. Hər şey komandanın uğuruna yönəlmişdi.

- Azərbaycan Kubokunun finalında "Zirə" ilə üz-üzə gələcəksiniz. Mövsümü “Qızıl dubl”la başa vura biləcəksiniz?
- Buna inanıram. Çünki bizim əsas məqsədimiz budur.

- Avrokuboklarda “Qarabağ”dan nə gözləyək?
- Təbii ki, “Qarabağ” olaraq ən böyük məqsədlərdən yayına bilmərik. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsi olmalıdır. Bu məqsəd uğrunda da mübarizə aparacağıq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada daha bir rus təyyarəsi vuruldu

SONRAKI XƏBƏR

Rusiya "Kalibr"lə dolu 4 sualtı qayığını Qara dənizə çıxardı