Vüqar İskəndərov: "İdman Araşdırmalar Mərkəzi gözəl ənənə formalaşdırıb"

"Hər birinizi Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqilliyimiz əbədi olsun. Bu gün həm də çox gözəl idman bayramıdır".

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycanın əməkdar məşqçisi Vüqar İskəndərov İdman Araşdırmalar Mərkəzinin (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

"Suqovuşan" və "Ağdam" komandaları arasında yarımfinal oyununu izləyən İskəndərov bildirib ki, İAM-in təşkil etdiyi bu tədbirlər uzun illərdir keçirilir: "Əvvəllər mən də izləyirdim. Çox gözəl ənənə var. İdmanın əsas qayəsində, dostluq, bərabərlik, əmzkarlıq və qətiyyət durur. Bunların hamısı idmanda formalaşan keyfiyyətlərdir. Ona görə də bu cür tədbirlərin jurnalistlər arasında təşkili önəmli məsələdir".

Deputat ölkədə idmana böyük diqqət və qayğının olduğunu söyləyib: "Azərbaycan idman ölkəsidir. Cənab Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman infrastrukturu xeyli inkişaf edib. İdmançılar da onlara göstərilən bu etimadı doğruldur, nüfuzlu yarışlarda ölkəmizin adını uca tuturlar".

İskəndərovun sözlərinə görə, bu cür turnirlər həm bədən tərbiyəsinin inkişafına dəstəkdir, həm də media qurumları, jurnalistlər arasında dostluğu-qardaşlığı daha da möhkəmlətmək üçündür: "Burada olmaq mənim üçün də böyük şərəfdir. Bütün komandaları ürəkdən təbrik edirəm. Əsas olan iştirak, bu emosiyanı hiss etməkdir. Bütün komandalar qalib sayılır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

SOCAR-ın Bakı Ali Neft Məktəbinin iki komandası “TEKNOFEST Azərbaycan” festivalında birinci yeri tutub - FOTO

SONRAKI XƏBƏR

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı