Azərbaycan cüdoçusu: "Çöldə-bayırda dalaşmırıq"

Azərbaycan cüdoçusu: "Çöldə-bayırda dalaşmırıq"<span class="qirmizi"></span>

"Dünən məşqdə zədələndim. Çöldə-bayırda dalaşmırıq. Nə olursa, zalda olur".

"Report"un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Orxan Səfərov federasiyanın jurnalistlər üçün təşkil etdiyi beynəlxalq seminarda sualları cavablandırarkən deyib.

O bildirib ki, idmançı uğur qazanmaq üçün məşqlərə ürəklə yanaşmalıdır: "Bütün medallar tər və qanla yoğrulur. Bütün çətinliklərə dözməyə çalışırıq. Bizə motivasiya verən qələbələrimizdir. Bir dəfə himnimiz səslənəndə, xəstəlik kimi olur. Çalışırsan ki, hər dəfə bunu edəsən. Xırda turnirlərə də önəm veririk. Amma nüfuzlu yarışlardan medalsız qayıtmaq çox pisdir. Geri dönüş də önəmlidir. Bunu ancaq güclü xarakteri olan idmançılar edirlər".

 

31 yaşlı idmançı cüdonun ona ilk növbədə, intizamı öyrətdiyini dilə gətirib: "Bəzən idmandan uzaqlaşmaq istəyirsən. Amma başqa həyat tərzinə uyğunlaşa bilmirsən. Mənə həyatda hər şeyi cüdo öyrədib. İdmançı şou ilə yox, nəticələri ilə gündəmə gəlməlidir. Yalançı çempionlar pul verirlər ki, bizdən müsahibə götürün. Özümü reklam etməkdən uzağam. Gərək hansısa uğurum olsun ki, kiməsə müsahibə verim".

Qeyd edək ki, Orxan Səfərov 60 kq çəki dərəcəsində Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, dünya çempionatlarının mükafatçısıdır.

Mənbə: report.az