Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi - VİDEO

Silverstoun trasında keçirilən builki Britaniya Qran Prisi bir sıra qeyri-adi hadisələrlə yadda qalıb.

İlk öncə, start zamanı kütləvi qəza yaşanıb. Hadisədən sonra yarış qırmızı bayraqlarla dayandırılıb.

İnsident Corc Rassel (“Mercedes”), Çjou Quanqyu (“Alfa Romeo”), Aleks Albon (“Uilyams”), Esteban Okon (“Alpin”) və Yuki Tsunodanın (“Alfa Tauri”) avtomobillərinin toqquşması ilə meydana gəlib.

Ən ağır zərbəni Çjou alıb. Onun avtomobili maneələri aşaraq trasdan kənara yuvarlanıb. Qəza zamanı ciddi xəsarət alan olmayıb.

Fasilə zamanı yarış trasına nümayişçilər daxil olub. Etirazçılar marşallar və Silverstoun təhlükəsizlik xidməti tərəfindən yoldan kənarlaşdırılıb.

Xeyli müddət sonra bərpa edilən yarışı “Ferrari” pilotu Karlos Sayns qazanıb. O, Formula 1-də ilk qalibiyətini əldə edib. İkinci yeri “Red Bull” komandasından Serxio Peres, üçüncü yeri isə “Mercedes”dən Lüis Hemilton tutub.

Çempionatın liderləri Maks Ferstappen və Çarlz Lekler ilk üçlükdən kənarda qalıblar.

Beləliklə də, hazırda turnir cədvəlinə Maks Ferstappen (“Red Bull”) 181 xalla başçılıq edir. Serxio Peres (“Red Bull”) 147 xalla ikinci, Çarlz Lekler (“Ferrari”) isə 138 xalla üçüncüdür.

Konstruktorlar kubokunda ilk üç pillədə “Red Bull” (328 xal), “Ferrari” (265 xal) və “Mercedes” (204 xal) qərarlaşıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Moskvada ən hündür göydələnlərdən biri yanıb - VİDEO

SONRAKI XƏBƏR

Türkiyə ilə razılaşmaya əməl edəcəyik - Baş nazir