Fərid Axundov: "Zəfər Kuboku Azərbaycan üçün vacib turnirdir"

Fərid Axundov: "Zəfər Kuboku Azərbaycan üçün vacib turnirdir"<span class="qirmizi"></span>

"Bu turnir həm Azərbaycan, həm də ölkə idmanı üçün vacibdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Axundov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

O bildirib ki, idman mediası bu turnirdə iştirak etməklə voleybola olan diqqəti qeyd ediblər: "İdman növü olaraq voleybolun seçilməsinə görə şadıq. Daha əvvəl də dediyim kimi, sevindirici haldır ki, turnir ənənəyə çevrilib".

Axundovun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbəni təkrar-təkrar gənclərə, mətbuata, hər bir insana xatırlatmaq və bunu qeyd etmək vacib məsələdir: "Ona görə də federasiya həmişəki kimi bu il də turnirə dəstək olur. İstəyirik ki, Zəfər Kuboku ildən-ilə inkişaf etsin və komanda sayı artsın. Bu gözəl təşəbbüsü alqışlayırıq".

Qeyd edək ki, Zəfər Kuboku turnirinə iyulun 11-də 1/4 final mərhələsinin oyunları ilə start veriləcək.

Mənbə: report.az