Nazir: "Qarabağ"ın uğurlarını sözlə ifadə etmək mümkün deyil"

"İdmanda hər şey ola bilər. Necə ki, "Qarabağ" avrokuboklarda büdcəsi özündən çox olan klublara qalib gəlir".

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu gənclər və idman naziri "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "köhlən atlar"ın III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu keçməsini sözlə ifadə etmək mümkün deyil: "Hamımız qürurlandıq. Həmin gün İslamiadanın açılış mərasimi olsa da, hamı noutbuklarda oyuna baxırdı. Hər birimizin ürəyi "Qarabağ"la döyünürdü. Komandaya, Qurban Qurbanova təşəkkürümü bildirirəm".

O, Ağdam təmsilçisinin pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi ev oyununda azarkeş sayını nəzərə alaraq, matçın Bakı Olimpiya Stadionuna salınması məsələsinə də toxunub: "Bu sualı "Qarabağ"a ünvanlasanız, daha yaxşı olar. Biz komandanın yanında olmağa və onlara dəstək verməyə çalışırıq".

F.Qayıbov hazırda Avstriyada "Rapid" (Vyana) klubuna qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirən "Neftçi"yə də uğurlar arzu edib: "Hesabı deyə bilmərəm, çünki mənlik deyil (gülür)".

Qeyd edək ki, hazırda "Rapid" - "Neftçi" oyununda fasilədir və hesab açılmayıb. Bakıdakı ilk görüşdə "ağ-qaralar" qələbə qazanıb - 2:1.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İş adamı evinin qarşısında güllələnərək ÖLDÜRÜLDÜ

SONRAKI XƏBƏR

Ermənistan-İran sərhədində ABŞ-Rusiya mübarizəsi?