Ermənistan Futbol Federasiyası və "Pünik" klubu Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ermənistan Futbol Federasiyası və "Pünik" klubu Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb<span class="qirmizi"></span>

Ermənistan Futbol Federasiyası və "Pünik" futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində İrəvanda keçirilmiş matçda Azərbaycana qarşı törədilmiş təxribatla bağlı birgə bəyanat yayıb.

"Report"un məlumatına görə, yayılan bəyanatda qarşı tərəf UEFA-dan gələcək mümkün sanksiyalardan qorxu hissinin olduğu başa düşülür:

"Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər”.

Bəyanatda pankartları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdiyi və onlarla iş aparıldığı bildirilir. Həmçinin hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini acı da olsa etiraf edib.

"Demək olar ki, bu il Ermənistanda keçirilən bütün beynəlxalq oyunlar zamanı oxşar hadisələr baş verib ki, buna görə də federasiya və Ermənistan klubları külli miqdarda cərimələr ödəyiblər. Lakin belə hallar aradan qalxmazsa, Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar”, – deyə bəyanatda bildirilib.

Federasiya həmçinin yerli KİV-dən belə hallarla bağlı video və fotoları yaymamağa, valideynlərini uşaqlarını meydançaya buraxmamağa, futbol azarkeşlərini və fan-klubları arzuolunmaz nəticələrin qarşısını almağa çağırıb.

Xatırladaq ki, 9 avqustda keçirilmiş "Pünik" – "Srvena Zvezda" (Serbiya) matçında erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

Mənbə: report.az