Qurban Qurbanov: "İntizamlı komanda ilə oyunda vacib qələbə qazandıq"

"Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbrli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə görüşlərə faydalı olacağını söyləyib: "Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürprizlər edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".

Qurbanov III turda "Turan Tovuz"la görüşün təxirə salınmasına münasibət bildirib: "Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm".

Təcrübəli baş məşqçi oyunun VAR sisteminə görə çox dayandığını sözlərinə əlavə edib: "Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qətər və İran XİN rəsmiləri görüş keçitiblər

SONRAKI XƏBƏR

Vüqar Bayramov: "Yarımfinala çıxmaq üçün 3:1 hesablı qələbə lazım idi, bunu da bacardıq"