“Teymurun olimpiadada yoxluğunun mənə təsiri olmadı”

“Teymurun olimpiadada yoxluğunun mənə təsiri olmadı”<span class="qirmizi"></span>

Medianın İnkişafı Agentliyi layihəsi

Kişilərdən ibarət şahmat millimiz Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasını 7-ci pillədə başa vurdu. Bu dəfə millimizə 16 illik fasilədən sonra qrossmeysterimiz Vasif Durarbəyli də daxil oldu. Onunla bu turnirlə və digər məqamlarla bağlı söhbətləşdik.

- Kişilərdən ibarət şahmat millimiz Olimpiadanı 7-ci pillədə başa vurdu. Yığmanın çıxışını necə qiymətləndirirsən?

- Əvvəla onu bildirim, kişi millisi anlayışı yanlışdır. Azərbaycan yığması və Azərbaycan qadın yığması var. Azərbaycan yığmasında hələlik yalnız kişilər iştirak edir çünki bizim ölkəmizdə ən güclü 5 şahmatçılarımız arasında qadın yoxdur. Bir çox insanlar fərqi bilmir. Azərbaycan yığmasında qadın iştirak edə bilər, amma Azərbaycan qadın yığmasında isə kişi iştirak edə bilməz. Bir çox ölkələrin olimpiya yığma komandasında kişilərlə bərabər qadın şahmatçılar da var. Məncə düzgün ifadələrdən istifadə qadın şahmatçılarımızı da ruhlandırar.

Suala qayıdım. Azərbaycan yığmasının nəticəsini qənaətbəxş hesab edirəm. Bu təbii ki, uğur deyil amma 6-cı nömrə kimi başlayıb, 7-ci bitirməyi də uğursuzluq hesab etmək olmaz.

- Medalçılar sırasına düşmək üçün nə çatmadı?

- Məncə idman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Mənim 9-cu turdakı xətamı başqa cürə izah edə bilmirəm. Həmin oyunda sona az qalmış rəqibin kobud səhvini istifadə edib, oyunu qələbəm ilə bitirəcəyim ərəfədə gözlənilməz bir hadisə baş verdi. Lazımı variantları hesablayıb, uduş gedişini etmək üçün əlimi uzatdım amma beyin “qısa qapanma” verdi. Düzgün gedişin əvəzinə səhv hesab etdiyim gedişi etdim! Beləliklə məğlub olduq. Həmin oyun mənim qələbəm ilə bitsəydi biz 10-cu turda Özbəkistan millisi ilə çempionlu matçına ruh yüksəkliyi ilə çıxardıq, amma alınmadı... Yəqin ki, tək faktor bu deyildi. Məncə burada və ya orada bir çox məqamlara düzəliş vermək olardı. Oyunların daxilində olmuş biri kimi isti-isti şərh verməkdə çətinlik çəkirəm. Məncə ilk öncə federasiya rəsmiləri ilə yığmanın oyunçuları arasında dəyirmi masa olmalı və medala necə daha yaxınlaşa bilərik müzakirə edilib, plan qurulmalıdır.

- Düzgün gedişin əvəzinə səhv hesab etdiyim gedişi etdiyini söylədin. Belə bir hadisə karyeranda ilk dəfə idi yaşanırdı?

- Keçmişdə bənzər səhv etdiyimi xatırlamıram.

- 16 illik fasilədən sonra yenidən əsas komanda ilə Olimpiada iştirak etdin. Öz çıxışın barədə nə deyə bilərsən?

- Uzun illərdən sonra yenidən əsas olimpiya yığmasında ölkəmizi təmsil etməkdən qürur duydum. Çıxışım daha yaxşı ola bilərdi. Yuxarıda dediyim oyundakı məğlubiyyət uğurlu turnir gedişatını pozdu. Bununla belə mübarizə əzmimi başdan sona qədər, hətta ağır məğlubiyyətlərdən sonra qorudum. Ona görə də öz çıxışımdan razıyam.

- Şahmat millimizin əsas üzvlərindən biri olan Teymur Rəcəbovun turnirdə iştirak etməməyi komandanın digər oyunçularına nə dərəcədə təsir etdi?

- Digər oyunçuların özləri bu barədə fikir bildirsələr yaxşı olardı. Şəxsən mənə təsiri olmadı. Mənə nəticədən çox mübarizə önəmlidir. Hər oyunda komandanın var gücünü səfərbər etməsi mənə zövq verir. Məğlub olanda da bilirsən ki, hər şey edildi, amma belə alındı. Beyində heç bir başqa sual işarəsi qalmır. Əgər kimsə mübarizə aparmaq üçün alışıb-yanmırsa onda komandada olmasa yaxşıdır.

- İlk 3-lükdə də yer almamaqda Teymurun olmamasının rolu oldu?

- Rəcəbobla komanda 2-ci başlayacaqdı, amma belə 6-cı sırada başladı. Kağızda komanda onun ilə daha uğurlu çıxış etməli idi. Hərçənd komanda dəfələrlə Rəcəbov ilə olimpiadalarda iştirak edib. Bu il Azərbaycan Rəcəbovsuz ilk dəfə çıxış etdi. Bundan öncə komandanın ən yaxşı nəticələri 2014-də 5-ci və 2008-də 6-cı olmaq idi. Dolayısı ilə onun olmamasının bizim medalsız qalmağımızda rolunun nə dərəcədə yüksək olduğu müzakirəyə açıqdır. Hərçənd Rəcəbov kimi böyük şahmatçı gəlsə və var gücü ilə komanda üçün çalışsaydı, mən şansların yüksələcəyinə inanardım.

- Turnirdən öncə Teymur Rəcəbovla bağlı yazdığın statusla diqqət çəkdin. Komanda yoldaşını milli ilə olimpiadada iştirak etməyəcəyi üçün qınadın. Bu hərəkətinə Teymurun münasibəti necə oldu? Səninlə hər hansı söhbəti oldu?

- Münasibətini mətbuata açıqlaması ilə göstərdi.

- Qadın millimizin Olimpiadadakı çıxışı barədə nə deyə bilərsən?

- Xanımların performansı möhtəşəm idi. Medal qazanmağın bir addımlığında bir balaca nəsə çatmadı hansı ki, olan şeydir. Mən şəxsən onların komanda ruhu və qələbə əzmlərini yaxından izləməkdən həzz aldım. Afərin!

- Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov son çıxışlarından birində ölkəmizdə də şahmat üzrə ixtisaslaşmış jurnalistlərin çox olmasını istədiyi bildirib. O, turnirlərdə oyunların şahmatçıların şərh etməsinin bu idman növünə olan marağı artıracağını söyləyib. Bir neçə turnirdə sənin oyunları şərh etdiyininin şahidi olduq və bu, yetəri qədər uğurlu alındı. Bunu davam etdirməyi düşünürsən?

- Mənim peşəkar şahmat karyeram digər işlərə zaman ayırmağımı çətinləşdirir amma şərh vermək xoşuma gəlir. Fürsət düşdükcə şərhlər verməyə çalışıram. Son dövrlərdə yaranmış ChessBornTV Yutub şahmat kanalının işini yüksək qiymətləndirirəm. Arada bir həmin kanalda şərh verməklə də bu sahəyə töhfə verməyə çalışıram.

- Azərbaycan şahmatında səni qane edib və etməyən nüanslar hansılardır?

- Mahir Məmmədovun prezidentlik dövrünə başladıqdan bəri şahmatda müsbət dəyişiklər müşahidə edirəm. Ümid edirəm daha da sürətlənəcək. Açığı elə bir qane etməyən nüans yoxdur ki, mən mətbuat vasitəsi ilə bəyan etməyə lüzum görüm. Bu gün artıq hər hansı bir problem olanda dərhal federasiya rəsmiləri ilə bir başa əlaqəyə çıxa və problemi həll edə bilirəm. Rəsmilər siyahısına prezident də daxildir. Federasiyamızdakı bu dəyişikliyi görməyimə şad və minnətdaram.

- Bir şahmatçı kimi qarşıdakı hədəflərin nələrdir?

- Qarşımda hazırda ilk 100-lüyə daxil olmağı hədəf kimi qoymuşam. Hələlik 134-cüyəm.

Aysel Adıgözəlli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Mənbə: qol.az