“Zadəganlar”a bir köynək yaxınlıq: Qolf meydançasından REPORTAJ

Bu gün “zadəgan” idman növü kimi də adlandırılan, bizə, yəni mədəniyyətimizə bir qədər tanış olmayan qolfdan söz açmaq istəyirik.

Hər xalq özünün xüsusiyyətlərinə oxşar idman növlərinə daha çox maraq göstərir və həmin idman növündə püxtələşir. Azərbaycanda bu idman növü ilə tanışlıq hələ çox yeni olsa da, qolf tarixi olan, özü də olimpiya idman növlərindən biridir. Lakin qolfu sadəcə idman adlandırıb, məcrasını kiçiltmək ona haqsızlıq olar. Fikrimcə, qolf həm də yaşam tərzidir. Digər idman növlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənsə də, ən əsas fərqi təbiətlə vəhdət təşkil etməsidir.

Oxu.Az mövzu ilə əlaqədar reportajını təqdim edir:

Meşəlikdən, ucsuz-bucaqsız yaşıl zəmiləri xatırladan çəmənlərdən ibarət sahəyə ayaq basanda buraya gəlməyə dəydiyini hiss edirsiniz.

Qolf yuxarıda da qeyd etdiyimiz kimi, geniş və açıq məkanda oynanılır. Beysbol, futbol kimi idman növləri bu cəhətdən qolfa oxşayır. Amma qolfun sahəsi daha genişdir. Hazırda gəzdiyimiz qolf klubunun sırf oyun sahəsi 72 hektar, sahənin ümumi uzunluğu isə 7,5 kilometrdir. Oyun zamanı həmin ərazini oynaya-oynaya keçirsiniz. Oynayarkən qolf maşınlarından istifadə etmək olar, lakin yarışlar zamanı buna icazə yoxdur. Bütün ərazini oynaya-oynaya gəzərək keçməlisiniz.

Azərbaycanda ilk dəfə 2013-cü ildə qolf klubu yaradılıb. Tarixə nəzər salsaq, qısa müddət olmasına baxmayaraq insanların ona maraq göstərdiyini müşahidə edirik.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Azərbaycanda qolf çəmənliyində toy və nişan tədbirləri də keçirilir. Belə demək mümkündürsə, qolf klubuna gələnlər iki qrupa bölünürlər. Birinci qrup sırf oynamaq üçün, ikinci qrup isə əylənmək, şəkil çəkdirmək, təbiətdən zövq almaq üçün gəlir.

Klubda qolf müəllimi kimi fəaliyyət göstərən Tural Vəlizadə bildirir ki, qolf insanlara yad idman növü olduğu üçün bir az çəkinirlər. Amma onun fəlsəfəsini tutanda oyundan zövq almağı bacarırsan. Birinci dəfə alınmadı deyə oyundan imtina edib, “bu oyun mənlik deyil” kimi yanaşmalardan qaçmaq lazımdır. Kompleksinizi bir kənara qoyub, öyrənməyə başlasanız, qolfun sizi özünə çəkdiyini hiss edəcəksiniz.

Heç bir idman növü asan deyil, qolf da həmçinin. Lakin düzgün şəkildə məşğul olub, səbr etsəniz, bu sizdə alınacaq.

Qolf bizə nə öyrədir?

Qolf dedikdə bir çoxları buna məşğuliyyət kimi yanaşır, ancaq unutmaq olmaz ki, o həm də idmandır. İdman isə bizə səbr, dözüm öyrədir, eyni zamanda sağlam bədən, sağlam ruh vəd edir. Bu idmanın təbiətlə vəhdəti isə insana psixoloji cəhətdən dincəlməyi vəd edir.

Niyə “zadəgan” idman növü?

Qeyd etdiyimiz kimi, qolfun qədim tarixi var. “Zadəganlar üçün” adlandırılmasının səbəbi də məhz tarixlə bağlıdır. Qolf təxminən 250 il bundan öncə Şotlandiya və İngiltərədə yaranıb. Onun sahəsinin ərsəyə gəlməsi digər idman növlərinə nisbətdə daha baha başa gəlir. Burada həm sizin torpaq əraziniz olmalıdır ki, bu, qiymətli bir mülkdür, eyni zamanda qolf ərazisi oyuna uyğun şəkildə düzəldilməlidir.

Həmçinin otun biçilməsi, sahəyə qulluq üçün əlavə işçilər tələb olunur. Bütün bunlar da böyük miqdarda maliyyə tələb etdiyi üçün zadəgan idman növü adlanır. Çünki həmin vaxt buna maliyyəni ancaq kral ailəsi və yüksək zümrəyə məxsus insanlar ayıra bilirdilər.

İllər keçdi və artıq müasir dövrdə dövlətlərin bu idman növünə maliyyə ayırması ilə qolf daha da populyarlaşdı. Hazırda qolfu “zadəgan” idman növü adlandırmaq bir qədər haqsızlıq sayıla bilər. Çünki qolf çoxdan məhdud çərçivədən geniş arenaya çıxıb və istənilən şəxs üçün əlçatandır.

Qolf necə oynanılır?

Bir çox idman növlərində idmançılardan kim çox xal toplayırsa, o da qalib hesab olunur. Məsələn, güləş, cüdo, boks, futbol və s. Lakin qolfda əksinə, kim daha az xal toplayırsa, o, qalib hesab edilir. Bu nə deməkdir? İdmançının oyuna başladığı nöqtə və hədəf var. Hədəf isə əsasən müəyyən bir hissədə təyin olunmuş bayraq hesab edilir. Həmin hədəfə də normativ vuruş sayı olur. Yarışan idmançılar arasında kim daha az vuruşda topu hədəfə çatdıra bilərsə, qalib həmin şəxsdir. Burada küləyin sürəti, topla davranış qaydaları əsas diqqət edilməli məqamlardır.

Qolf barədə çox yazmaq olar. Lakin atalar yaxşı deyiblər ki, “100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Oyuna maraq olmasa belə, təbiətin insana verdiyi mənəvi rahatlığı hiss etmək və maraqlı gün keçirmək üçün qolfa şans verməyə dəyər.

Aysel Aslanqızı

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Ramiz Əzizbəyli onu niyə bağışlamadı?

SONRAKI XƏBƏR

Pakistan səfiri: “İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm”