İslamiadanın gümüş mükafatçısı: "Medal qazanmaq mənim üçün böyük şərəfdir"

"Ölkəm adına medal qazanmaq mənim üçün böyük şərəfdir".

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyədəki V İslam Həmrəyliyi Oyunlarında gümüş medal əldə edən Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

102 kq çəki dərəcəsində çıxış edən idmançı əvvəlki yarışda yüngül zədə aldığını xatırladıb: "Biz əlimizdən gələni bacardığımız qədər etməyə çalışırıq. Medal qazanan həmkarlarımı təbrik edirəm və növbəti günlərdə iştirak edənlərə uğurlar arzulayıram".

Dadaşbəyli zədə ucbatından İslamiadaya 20 gün ərzində hazırlaşdığını söyləyib: "Buna görə nəticəni uğurlu hesab etmək olar. Qarşıdakı böyük turnirlərə hazırlaşacağıq. Bundan da yaxşısını etməyə çalışacağıq".

Təkanla qaldırmada şəxsi rekordunu yeniləyən atlet bu uğura görə məşqçilərinə və federasiya rəhbərliyinə minnətdar olduğunu sözlərinə əlavə edib.

Ağırlıqqaldıran iki aydan sonra Kolumbiyadakı dünya çempionatında iştirak edəcəklərini diqqətə çatdırıb. "Dünya çempionatından sonra 2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarımız da start götürəcək. Əsas məqsədimiz də məhz Olimpiadadır. İki aydan sonra mundialda medal əldə edəcəyimizə inanıram".

Qeyd edək ki, Dadaş Dadaşbəyli birdən qaldırmada 174 kq-ın öhdəsindən gəlməklə gümüş medala yiyələnib. Təkanla qaldırmada 210 kq-lıq nəticə göstərən idmançı 5-ci yeri tutub. Dadaşbəyli ümumi nəticədə 284 kq-la 4-cü olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya yenidən maska rejiminə qayıdır

SONRAKI XƏBƏR

“YALNIZ ƏRDOĞAN PUTİNƏ GÜC GÖSTƏRİR...” – “Qərb Putinə xəbərdarlıq edib ki, şəxsən özü məhv ediləcək”