İslamiadanın mükafatçısı: "Yarış çox maraqlı keçdi"

İslamiadanın mükafatçısı: "Yarış çox maraqlı keçdi"<span class="qirmizi"></span>

"İlk növbədə dəstəyə görə məşqçimə və komanda yoldaşlarıma çox sağ ol demək istəyirəm. İlk dəfə iştirak etdiyim yarış çox maraqlı keçdi. Bütün rəqiblər güclü idi. Hamı medal uğrunda mübarizə aparırdı. Növbəti yarışlar daha maraqlı olacaq və onlara hazırlaşacağam".

"Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycanın para-stolüstü tennisçisi Dinarə Sunçeleyeva jurnalistlərə açıqlamasında deyib.

O, yaşı az olduğu üçün əvvəlcə yarışın adi keçəcəyini düşündüyünü bildirib: "Amma burada hər şey necə lazımdırsa, elədir. İdmançılara dəstək olurlar, onların çıxışlarını izləyirlər. Hər şey çox xoşuma gəldi. Bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa davam edəcəyəm".

Sunçeleyevanın şəxsi məşqçisi Ruqiyyə Qubuşova idmançının qazandığı uğuru sözlə ifadə etməyin çox çətin olduğunu söyləyib: "Sevincimin həddi-hüdudu yoxdur. Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Rəqabət çox yüksək idi. Türkiyə və İran yığmaları güclü olsalar da, öz vəzifəmizin öhdəsindən gəldik. Bu, bizim ilk yarışımızdır. Ən kiçik idmançımız isə Dinarə idi. Cəmi 12 yaşı var. Çox sevindirici haldır".

Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova isə Azərbaycana bu sevinci yaşatdığına görə Sunçeleyevaya təşəkkür edib: "Əməyi keçən hər kəsə minnətdarıq".

Mənbə: report.az