Federasiya rəsmisi: "Polina Rəhimova üçün ailə həyatı millidən daha önəmlidir"

Federasiya rəsmisi: "Polina Rəhimova üçün ailə həyatı millidən daha önəmlidir"<span class="qirmizi"></span>

"İslamiadada çox sürprizlər oldu. Bəzi gözləmədiyimiz oyunlarda qələbə qazandıq, bəzilərində əksinə oldu. Üstünlüklə irəlidə olduğumuz oyunda uduzduq. Əsas odur ki, bürünc medal qazanmaq şansından yararlandıq".

Bunu "Report"un Konyaya ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov deyib.

O bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qadın voleybolu üzrə üçüncülük matçında Kameruna 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığmasından danışıb: "Oyun çox çətin keçdi. İlk setdə onlara yalnız 27:25 qalib gələ bildik. İslamiadadan sonra güclü və zəif tərəflərimizi öyrəndik. Bunun üzərində işləyəcəyik".

Baş katib yarımfinal matçında İrana 1:3 uduzmalarının sirrini açıqlayıb: "İrana uduzmaq hamımız üçün çox şok oldu. Burada bizdən asılı olmayan səbəblər vardı. Oyunun vaxtı dəyişdirildiyindən, komandanın hazırlığa vaxtı heç qalmadı. Gecə bizə deyildi ki, səhər saat 10-da oyuna çıxmalısınız. Halbuki, əvvəl saat 13:00-da oyunun başlayacağı deyilmişdi. Komanda saat 10-dakı oyun üçün səhər saat 8-də durub hazırlaşmalı idi. Bizdən asılı olmayan bu nöqsanlar həmin matçda komandaya mənəvi təsir etdi. Üstəlik, müəyyən zədəli oyunçularımız vardı".

O, qadın millisinin 2017-ci ildə Bakıda keçirilmiş İslamiadada qazandığı titulu qoruya bilməməsinin səbəbindən də danışıb: "Həmin heyət tamam başqa idi. Halbuki elə ölkələr vardı ki, Bakıdakı heyətlə bura da gəlmişdilər. Bizdə isə yeni oyunçularla bərabər, ötən İslamiadada çıxış edən voleybolçulardan qarışıq heyət idi. Eyni heyətlə bütün yarışlarda mübarizə aparmaq mümkün deyil. Bu, qızların bu il ilk beynəlxalq turniri idi".

Fərid Xəlilov millinin sabiq üzvü Polina Rəhimovanın yığmaya qayıtmaq perspektivi barədə fikirlərini bildirib: "Avqustun 20-də Polina Rəhimovanın toyu olacaq. Ona xoşbəxtlik arzu edirik. Hazırda onun üçün ailə həyatı millidən daha önəmlidir. Bakıya qayıtdıqdan sonra məşqçilərlə milliyə yeni oyunçular cəlb etmək üçün danışacağıq. Heyətə bir neçə legioner cəlb etmək üçün danışıqlara başlayacağıq".

Federasiya rəsmisi İslamiadada dördüncü olan kişi millisindən razı qaldıqlarını qeyd edib: "Kişi voleybolu göstərdi ki, bu millidə böyük potensial var və ondan düzgün yararlanmalıyıq. Andrey Melnikov bu turnirin ən güclü oyunçularıdan biri seçilərək "Dream Team"ə salınıb. Ramazan Ağabəyov ən yaxşı blokçulardan seçilib".

Mənbə: report.az