Branislav Çervenka: “Qarabağ”ı qələbəyə yaxın görürəm”

 

“Viktoriya” üçün Bakıda çox çətin olacaq. Həm Plzendən ora yol qət edəcəklər, həm də Bakının istisi, bürküsü onları yoracaq”.

Bu sözləri Sports.az-a açıqlamasında vaxtilə Bakı “İnter”inin (indiki “Şamaxı”) şərəfini qorumuş Branislav Çervenka deyib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayan çexiyalı mütəxəssis “Qarabağ”a “bəy tərifi” yağdırıb. Eyni zamanda Plzen təmsilçisinin üstün tərəflərindən söz açıb:

“Qarabağ” əla komandadır. Qısa ötürmələrlə kombinasiyalı futbol sərgiləyirlər. Hər ötən il nəticələri və oyunları yaxşılaşır. Burada baş məşqçinin uzun müddət komandanın başında olmasının böyük rolu var. Futbolçu seçimləri də uğurlu olur.

“Viktoriya”nın da özünəməxsus üstünlükləri var. Müdafiə xəttində inamlı təsir bağışlayırlar. Hücuma çıxanda sürətlidirlər. Fikrimcə, Bakıda “Viktoriya” üçün çətin olacaq. Bir şey də var ki, onlar bu il Çempionlar Liqasının ev və səfər oyunlarının hamısında qələbə qazanıblar”.

Çervenka favorit gördüyü komandanın adını deməkdən çəkinməyib:

“Məsafəni, hava şəraitini və azarkeş amilini nəzərə alsaq, ilk dueldə “Qarabağ”ı müəyyən mənada qələbəyə yaxın görürəm. Amma “Viktoriya”nı yaxından tanıdığım üçün matçın heç-heçə başa çatacağı da keçir ağlımdan. Psixoloji cəhətdən hazır olan komanda qrup mərhələsinə vəsiqə qazanacaq. Sizə deyim, hətta cütün taleyi Plzendə penalti zərbələrində müəyyənləşə bilər.

Layiqli, bərabərsəviyyəli iki komanda qarşılaşacaq. Fürsətdən istifadə edib hər ikisinə uğur arzulayıram. Layiq olan qələbə qazansın”.

Branislav Çervenka 2007-2012-ci illər aralığında şərəfini qoruduğu “İnter”də 129 oyunda 7 qol vurub, 16 qolun ötürməsini verib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq “Qarabağ” – “Viktoriya” qarşılaşması bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bölgədə şok gəlişmə - Əsəd cavab vermir, Rusiya geri çəkilir, Türkiyə isə...

SONRAKI XƏBƏR

Estoniya səfiri Macarıstan XİN-ə çağrıldı