Ramal Aslanov: "Yarımfinalda sağ ayağım çox əzildi, onu işlətmədim"

"Bildiyiniz kimi, kikboksinq ilk dəfə İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmişdi. 4 ildən bir keçirilən, hər kəsin arzuladığı yarışlardan biridir. Şükür Allaha, biz də medalsız qalmadıq. Ümumilikdə biz kikboksinqdə Türkiyə və Qazaxıstandan sonra 3-cü sıraya çıxdıq. Türkiyəyə 24 nəfərlik idmançı heyəti ilə gəlmişdik. Bunlardan 15-i medal qazandı. 3 qızıl, 5 gümüş və 7 bürünc medal əldə etdik. Mən federasiyanın vitse-prezidenti kimi, öz idmançılarımızla, ölkəmlə fəxr edirəm".

Bunu "Report"a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmış kikboksçu Ramal Aslanov deyib.

Kikboksinqin "lou kik" növündə 75 kq çəki dərəcəsində çıxış etmiş Ramal Aslanov finalda 0:3 hesabı ilə məğlubiyyətinin səbəbini açıqlayıb.

"Finaldakı rəqibim Ünal Alkayışı mən 2017-ci ildə böyük üstünlüklə məğlub etmişdim. Yarımfinalda Mərakeş idmançısı Yussef Assuikə qarşı çox ağır döyüş keçirdim. Həmin döyüşdə sağ ayağım çox əzildi, demək olar ki, onu işlətmədim. Əllər və arada sol ayaqla işləməli oldum. Bu zədəyə görə finalda uduzdum. Amma burda günah məndə deyil. Kikboksinqin dünya və Avropa çempionatlarında adətən günə bir döyüş salınır. Amma burda eyni günə 2 döyüş salınmışdı. Final üçün cəmi 3 saat istirahət imkanım oldu. Bununla belə, mənim üçün fəxrdir ki, Azərbaycanın bayrağını ucaltdım və Vətənə gümüş medalla dönürəm".

Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti də olan 30 yaşlı idmançı İslamiadada hakimlərin səviyyəsindən narazı qaldığını açıqlayıb: "Kikboksinq təşkilatçılığının yüksək səviyyədə olduğunu deyə bilmərəm. Burada əsasən müsəlman ölkələrinin hakimləri iştirak edirdi. Onların da səviyyəsi çox yüksək deyil. Türkiyə və Özbəkistan idmançılarına həddindən artıq simpatiya vardı. Dünya və Avropa çempionatlarında Türkiyə idmançıları heç vaxt bu qədər çox medal qazanmayıb".

Report.az

ƏVVƏLKİ XƏBƏR

PUTİN ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB... – “21-ci əsrin Pyotru” Krımı qoruya bilmir, sülh dilənir...

SONRAKI XƏBƏR

Ərdoğan Türkiyə-Misir münasibətlərinin normallaşmasını istəyir