Qazaxlar Bakıdakı məğlubiyyətə görə 22 yaşlı futbolçunu “top atəşi”nə tutdular

Qazaxlar Bakıdakı məğlubiyyətə görə 22 yaşlı futbolçunu “top atəşi”nə tutdular<span class="qirmizi"></span>

Ötən gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyununda Qazaxıstan üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı.

Beləliklə C liqasının üçüncü qrupunda çıxış edən millimiz altı oyuna 10 xal toplayaraq qrup ikincisi oldu.

Millimizin dünənki oyundakı rəqibi Qazaxıstan isə qrupu 13 xalla lider kimi başa vursa da, Məhəmməd Adıyevin başçılıq etdiyi komanda zəif oyunu ilə yadda qaldı.

“Dalğa Arena”da baş tutmuş qarşılaşmanı təhlil edən qazaxıstanlı idman jurnalistləri uğursuzluğun əsas səbəbini oyunun 35-ci dəqiqəsində Renat Dadaşovu kobudluqla dayandıran, ardınca Eddi İsrafilovu əl hərəkəti ilə qazona yıxan Nuralı Alipin hərəkətlərində görüblər.

Qazax jurnalist Dimaş Tuleqanov hesab edir ki, Rusiyanın “Zenit” klubunda çıxış edən 22 yaşlı Nuralı Alip qırmızı vərəqə almaqla oyunun axarını millimizin xeyrinə dəyişdirib.

“Müdafiəçimizin qırmızı vərəqə alıb meydanı tərk etməsindən sonra rəqibin taktiki oyun sxemi tamamilə dəyişdi. Bütövlükdə situasiyadan danışsaq, qeyd etməliyik ki, azərbaycanlı Eddi İsrafilovun hansısa super təxribatı olmadı. Bəli, o, Alipin formasından yapışdı və niyə belə etdiyi də məlum deyil. Lakin bu, Nuralının, xüsusən də artıq sarı vərəqəsini olduğunu bilə-bilə rəqibi itələməsinə bəhanə olmamalıdır”.

İdman jurnalisti xatırladıb ki, Nuralı Alip son oyunda kobud hərəkəti ilə nəinki komanda yoldaşlarını pis vəziyyətdə qoyub, üstəlik Qazaxıstan millisinin “AVRO-2024”ə vəsiqə qazanmaq üçün keçirəcəyi pley-off matçında ona kömək etməkdən məhrum olub.

“Alip nəhayət başa düşməlidir ki, o, artıq təkcə daimi Qazaxıstan çempionatında çıxış edən və milli komandanın əsas futbolçusu olmaqdan əlavə, xarici çempionatda oynamağa gedən azsaylı futbolçularımızdan biridir. Onun oyununu “Zenit”li azarkeşlər, məşqçilər diqqətlə izləyirlər. Ona görə də Nuralının çiyinlərində olan məsuliyyət əvvəlkindən böyükdür. Ümid edək ki, heç bir ulduz xəstəliyindən söhbət getmir. Axı bütövlükdə Alip hələ də “Zenit”in heyətində tam möhkəmlənməyib. O, ilk növbədə özünə çox şeyi sübut etməli və başa düşməlidir ki, hələ yolunun başlanğıcındadır”, - jurnalist Dimaş Tuleqanov yazısında vurğulayıb.

Mənbə: www.oxu.az