Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib<span class="qirmizi"></span>

Azərbaycan Badminton Federasiyası (ABF) və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) birgə əməkdaşlığı ilə Bakı Fransız Liseyində “Badminton Uşaq Bağçası” layihəsinin təqdimat mərasimi keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, Bakı Fransız Liseyində təşkil olunan tədbirdə SOCAR-ın vitse-prezidenti, ABTM-in sədri Xalik Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABF prezidenti Taleh Ziyadov iştirak edib.

Layihənin keçirilməsində məqsəd bağça uşaqlarında erkən yaşlarda (3-6 yaş) badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək və istedadı olan uşaqları vaxtında müəyyənləşdirməkdir. “Badminton Uşaq Bağçası” layihəsi Bakı Fransız Liseyi ilə yanaşı, Azərbaycan Britaniya Kollecində də tətbiq olunacaq. Federasiya layihə çərçivəsində Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecini inventar və təlimçilərlə təmin edəcək.

ABF-in dəstəyi ilə Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecində yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim məşq prosesi interaktiv şəkildə təşkil olunacaq. “Virtual Reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə bağça uşaqlarına öz həmyaşıdları ilə virtual formada badminton oynamaq imkanı qazandırır ki, bu da nəticə etibarı ilə onlarda nəzəri və praktiki biliklər formalaşdırır. Tədbirin sonunda Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Layihə Azərbaycan Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.

Mənbə: report.az