Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"<span class="qirmizi"></span>

"Bizim üçün legioner və ya yerli oyunçunun fərqi yoxdur. Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII turunun açılış matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis matça pis başlamadıqlarınıbildirib: "Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Çünki buna ehtiyacımız var idi. İlk hissənin sonlarında qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Buna baxmayaraq, ikinci hissədə komandam qol vurmaq istəyirdi. Oyundan qopmadıq, azlıqda oynamağımız hiss olunmadı. Hesabda geri düşdükdən sonra konsentrasiyanı itirmədik. Tarazlığı bərpa etdikdən sonra imkanlarımız oldu, qələbə qolunu vura bilərdik. Amma bəzi epizodlarda yenə düzgün qərarlar verə bilmədik. Çatışmazlıqlar var".

Onun sözlərinə görə, matçın sonlarında top buraxmaq üzücüdür: "Bunu heç kim istəməzdi. Amma komanda meydanda sonadək mübarizə apardıq. Amma rəqib daha təcrübəlidir və ələ düşən fürsətlərdən istifadə etdilər. Son dəqiqələrdə meydanın mərkəzində top itirmək haqqımız yox idi. Həmin hücum da qapımızda qolla nəticələndi. Buna baxmayaraq, oyunçulardan razıyam. Heç-heçə ən yaxşı nəticə olardı. Təəssüf ki, uduzduq".

Baş məşqçi müdafiənin mərkəzində boşluqlar olduğunu etiraf edib: "Axtarışlarımız davam edir. Fakundo Kardozo və Ədilxan Qrəhmədovu əvəzedici komandaya göndərmişik. Futbolçular özlərindən öncə komandanın nəticələrini düşünməlidir. B komandasına gedənləri məcburiyyətdən göndərməmişik. Azlıqda qaldıqdan sonra Cabir Əmirlini meydana buraxdıq. Normal oynadı. Qırmızı vərəqə alan Kardozodan pis deyildi. Nihad Qurbanlının əsas komandada ilk rəsmi oyunu idi. Düşünürəm ki, inamlı və cəsarətli oynadı. Əlimizdəki futbolçulardan istifadə etməyə çalışacağıq".

Qurbanov müdafiəçilərin bilərəkdən səhv etmədiklərini söyləyib: "Kardozo Argentina çemionatında oynayıb, Fransa isə Portuqaliyanın I liqasında çıxış edib. Hər ikisi təcrübəlidir. Müdafiədə etibarlı oynamalıdırlar. Təəssüflər olsun ki, bunu görmürük. Görünür, hardasa çatışmazlıqları var. Növbəti oyunlarda daha qəti qərarlar verməyə çalışacağıq. Ola bilər ki, müdafiənin mərkəzində dəyişikliklər olsun".

Mütəxəssis "Səbail"də əsas və ikinci heyət anlayışının olmadığını vurğulayıb: "Kimlər hazırdırsa, onlar oynayır. Franko Mazurekin istiliyi var idi, məşqdə iştirak etmədi. Düşündük ki, ilk hissədə Samir Abbasovu oynadaq, Mazureki ikinci yarıda meydana buraxarıq. Amma qırmızı vərəqə planlarımızı pozdu".

Mirabdulla Abbasovun çıxışından söz açan Qurbanov hücumçunun oyun ppraktikasından əziyyət çəkdiyini bildirib: "Yerli futbolçudur, şans vermək istəyirik. Kimisə itirmək asandır, qazanmaq isə çətin. Özünü sübut etməsi üçün şərait yaradırıq. Faydalı iş əmsalına gəlincə, futbolçular son məqamda düzgün qərar qəbul edə bilmirlər. Burada an məsələsi var. Qapımıza vurulan 2-ci qolda məhz Mirabdullanın doğru qərar verməməsi rol oynadı".

O, hücum xəttində də zəiflik olduğunu gizlətməyib: "Bütün oyunlarda qol epizodlarımız olur, amma istifadə edə bilmirik. Son ötürmələr, həlledici zərbələr düzgün olmur. Bununla belə hücumçuların pis olduğunu deyə bilmərəm. Müdafiə xəttinə gəlincə isə, bunun üzərində işləmək lazımdır".

Mənbə: report.az