Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"<span class="qirmizi"></span>

"İlk hissədə daha yaxşı, aqressiv oynadıq. Rəqibi əks hücumlarda tutduq. Rəqib ikinci yarıda oynamağa imkan vermədi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi fasilədən sonra çoxsaylı top itkilərinə yol verdiklərini bildirib: "Nəticədə müdafiədə oturmağa məcbur olduq. Maraqlı görüş oldu. Rəqib şanslardan istifadə etdiyi üçün qalib gəldi".

O, "Qarabağ"ın ikinci hissədə "Neftçi"nin futbolçularını çox yaxşı zərərsizləşdirdiyini söyləyib: "Aqressiv oynamağa və bizi sıxmağa başladılar. Hücuma çıxmaqda çətinlik çəkirdik. Əks hücuma keçmək istəyəndə isə topu itirirdik".

Təcrübəli oyunçu bəzi epizodlarda futbolçular arasındakı gərginliyə də toxunub: "Futbolda aqressiyanın olması normaldır. Meydanda baş verənlər orada da qalır".

Mahmudovun sözlərinə görə, Laurentsiu Regekampfın gəlişindən sonra nəyin dəyişdiyini demək əvvəlki baş məşqçiyə haqsızlıq olar: "Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq".

Futbolçu bu məğlubiyyətin çempionluğun taleyini həll etməsi fikri ilə razılaşmayb: "Düzdür, rəqib bu qələbədən sonra turnir cədvəlində bizdən önə keçdi. Başımızı aşağı salmalı deyilik. Qarşıda çox oyun var. Növbəti turlarda qalib gəlməyə çalışmalıyq".

Mənbə: report.az