“Qarabağ”ın məğlub olmayacağına əminəm” - Açıqlama

“Qarabağ”ın məğlub olmayacağına əminəm”  - Açıqlama<span class="qirmizi"></span>

“Olimpiakos”la oyundan xoş gözləntilərim var. Düşünürəm ki, “Qarabağ” səfərdə xal və ya xallar qazanacaq”.

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la Yunanıstanda keçirəcəyi matç barədə fikirlərini bölüşüb.

A.Kərimov qeyd edib ki, “Olimpiakos”un heyətində itkilərin olması Ağdam təmsilçisinin qələbə qazanmasına daha çox şərait yaradır:

“Olimpiakos”un heyətində problemlər var. Səhv etmirəmsə, əsas heyətin 3-4 futbolçusu zədə və ya digər səbəbdən meydana çıxa bilməyəcək. Bundan əlavə, yeni baş məşqçi təyin olunması bir tərəfdən pozitiv təsir edə bilər. Digər baxımdan isə yeni gələn məşqçi inanmıram ki, öz üslubunu qısa zamanda tam olaraq oturda bilsin. İstər-istəməz yeni nəsə edirsənsə, o, səhvsiz olmayacaq. Bir başqa nüans isə “Qarabağ”ın ümumilikdə yuxarı səviyyədə olması, son matçlarda futbolçuların göstərdiyi oyundur. Bu, onu göstərir ki, biz səfərdə “Olimpiakos”a qalib gələ bilərik”.

Mütəxəssis “Qarabağ”ın “Olimpiakos”la oyunda ən az 1 xal qazanacağını vurğulayıb:

“Qarabağ”ın məğlub olmayacağına əminəm. Səhv etməsək, qalib gələ də bilərik. Çünki həqiqətən də “Qarabağ”ın hücum xətti həm sürət, həm də texnika baxımından “Olimpiakos”un müdafiə xəttini yarmaq iqtidarındadır. Ən azından “Olimpiakos”un bundan əvvəlki avrokubok oyunlarına baxsaq, görəcəyik ki, kifayət qədər boşluqlar yaradırlar. Mən “Qarabağ”ın qələbə qazanacağını gözləyirəm. Ən azı məğlub olmayacağıq. Minimum 1 xalımız var. Amma hesab edirəm ki, müdafiədə daha diqqətli oynasaq, qalib gələ bilərik. Rəqib meydanında oynayırıq, azarkeşlərin izdihamı var. Bu cür şeyləri nəzərə alıb, səhv etməsək, qələbə qazanarıq. Çünki buraxdığımız səhvlərdən rəqib komanda yararlana bilər. Mən 100 faiz əminəm ki, “Olimpiakos”un qapısına qol vuracağıq. Amma heç-heçə olar, yoxsa 1 top fərqi ilə udarıq, bu, 50-50-yədir (gülür).

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nur Zeynalova

Mənbə: qol.az