Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır<span class="qirmizi"></span>

Azərbaycan Voleybol Federasiyası (AVF) qadınlardan ibarət milli komandanın baş məşqçi vəzifəsinə 5 əcnəbi namizədlə danışıqlar aparır.

Bu barədə "Report"a AVF-in baş katibi Fərid Xəlilov məlumat verib.

Onun sözlərinə görə, namizədlər arasında Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən mütəxəssislər var.

Federasiya rəsmisi hələlik ad açıqlamaq istəmədiklərini bildirib: "Bunu etsək, problem yaranar. Qarşı tərəf öz şərtlərini dəyişə, qiymətlərini süni şəkildə şişirdə bilər".

O, müxtəlif variantlara baxıldığını söyləyib: "Onların arasında vaxtilə Azərbaycanda işləmiş baş məşqçilər yoxdur. Əcnəbilərlə yanaşı, yerli mütəxəssislər də müzakirə olunur. Hər birinin güclü və zəif tərəfləri var. Hamısını dəyərləndirdikdən sonra İdarə Heyəti öz qərarını verəcək. Ən güclü variantın üzərində dayanacağıq".

Xəlilovun sözlərinə görə, yeni baş məşqçinin adına klub mövsümü başa çatdıqdan sonra aydınlıq gələcək: "Hazırda müəyyən nəticələr əldə olunub və bunun üzərində işləyirik. Bir azdan püşkatma olacaq. Oraya kimsə getməlidir. Konkret vaxt demək çətindir. Bütün variantları nəzərdən keçirəcəyik".

Baş katib "Azerreyl" komandasının baş məşqçisi təyin olunan Eldar Yusubovun hələlik qadınlardan ibarət yığmadakı işini də davam etdirəcəyini vurğulayıb.

Mənbə: report.az