Qurban Qurbanov: "Vacib qələbə əldə etdik"

"Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib: "Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq".

Onun sözlərinə görə, "Olimpiakos" haqqında mənfi düşüncəsi yoxdur: "Matçdan əvvəl 5-li müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər".

Qurbanov 3-cü qoldan sonra futbolçuların "Olimpiakos"un tribunalarına tərəf yaxınlaşmasına və əl hərəkətləri etməsinə də toxunub: "Biz elə ölkədə yaşayırıq ki, iğtişaş haqqında, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. "Qarabağ" klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqqında xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir".

Transfer məsələsindən də söz açan baş məşqçi ilboyu hər mövqeyə oyunçu axtarışında olduqlarını söyləyib: "Hətta ən yaxşıların mövqeyinə də oyunçu axtarırıq. Çünki gələcəyi daha çox düşünürük. İlk nöövbədə futbolçularımızın performanslarını daha da yaxşılaşdırmaq istəyirik. Bəzən elə futbolçu olur ki, "yox" deyə bilmirsən. Ovusu Kvabena yaxşı çıxışını davam etdirsə belə, qış fasiləsində istədiyimiz hücumçunu tapa bilsək, mütləq transfer edəcəyik. İbrahima Vadjinin gedişinə sevinirəm. Transfer bazarında iştirak etmək Azərbaycan futboluna marağı artırır. Sabah daha yaxşı futbolçumuzu istəyə bilərlər və digər oyunçularla yolumuza davam edə bilərik".

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Bir gecə ansızın gele biliriz”lə bağlı yunan jurnalistin sualına - Ərdoğandan cavab

SONRAKI XƏBƏR

106 ildə ilk dəfə: Britaniyada tibb bacıları böyük tətilə hazırlaşırlar