“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”

“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”<span class="qirmizi"></span>

“Oyununa baxanda elə bilirəm ki, “Qarabağ” xarici klubdur. Baxıb həzz alıram”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ötən gecə Yunanıstanda “Olimpiakos”a qalib gəldiyi oyun (3:0) haqda danışarkən deyib.

“Qarabağ”ın böyükhesablı qələbəsini şərh edən mütəxəssis Ağdam təmsilçisinin daha çox qol vurmadığına təəssüfləndiyini bildirib: “İlk dəqiqələrdən göründü ki, “Olimpiakos” “Qarabağ”a imkan verir ki, top saxlasın. Elə o an dedim ki, burda hesab böyük olacaq. Elə də oldu. Bircə ona pis oluram ki, “Qarabağ” az qol vurdu. Çünki qol vəziyyətləri çox idi. İmkanların az qismindən istifadə etdilər.

İndi “Qarabağ”ın 6 xalı var. “Olimpiakos”un isə deyərdim ki, şansları bitdi. Mən “Olimpiakos”un rəhbərliyinə məətəl qalmışam. Aldıqları futbolçuların ancaq adları var. Amma indi reklam futbol oynamır. “Qarabağ”ın 3-cü qolunu “Olimpiakos”un ulduz futbolçusu Marselo “düzəltdi”.

Millimizin sabiq baş məşqçisi “Qarabağ”ın mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Bədavi Hüsyenovun oyununu xüsusi qeyd edib: “Yerli oyunçularmıza və məşqçilərimizə yaxşı qiymət vermək lazımdır. Dünən Bəhlul Mustafazadə və Bədavi Hüseynovun oyununa baxıb zövq aldım, istirahət elədim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sağ olsun ki, bu müdafiə tandemini yaradıb. Kevin Medina və Maksim Medvedev də sıraya dönəndən sonra komandada yaxşı rəqabət olacaq”.

A.Mircavadov “Qarabağ”ın məşqçilər korpusunun işini də qiymətləndirib: “Qarabağ”ın məşqçiləri dəyişikliklərlə komandada güc yaratdılar. Ancaq onu da deyim ki, “Olimpiakos” ikinci hissədə fiziki cəhətdən çatdırmadı. Onlarda yorğunluq hiss olunurdu. Təbii ki, bu da “Qarabağ”ın təzyiqinə görə idi. Başda Qurban Qurbanov olmaqla “Qarabağ”ın məşqçilər korpusuna təşəkkür etməliyik”.

“Qarabağ”ın sabiq çalışdırıcısı Ağdam klubunun qrupda 1-ci olmaq şansını da dəyərləndirib: “Qarabağ” qrup birinciliyinə layiq oyun göstərir. Hazırda “Frayburq” liderdir. Amma mən Almaniyadakı oyunda onları təkcə ilk hissədə gördüm. İkinci hissədə meydanda sanki ancaq “Qarabağ” var idi. Komandamızın təmiz penaltisini də hakim vermədi. Biz “Frayburq”u Bakıda qəbul edəcəyik. Bu da yaxşı fürsətdir.

İndi ilk yer uğrunda “Qarabağ”la “Frayburq” arasında mübarizə gedəcək. “Qarabağ” dünənki qələbə ilə qrupdan çıxmaq şansını artırdı”.

Ramiq Ağaməmmədov

Mənbə: qol.az