"Qarabağ" Miçelin təsəvvürünü necə dağıtdı?

"Qarabağ" Miçelin təsəvvürünü necə dağıtdı?<span class="qirmizi"></span>

"Olimpiakos"un baş məşqçisi Miçel hesab edir ki, onun komandası "Qarabağ"a qarşı matça birinci dəqiqəsi istisna olmaqla yaxşı başlayıb.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Pirey təmsilçisi öz meydanında Ağdam komandasına 0:3 hesabı ilə uduzub.

Qol.az xəbər verir ki, oyundan sonra jurnalistlərə verdiyi açıqlamalarda ispan mütəxəssis deyib: "Bizim bu matç üçün müəyyənləşdirilmiş strategiyamız var idi. 70-ci dəqiqəyə qədər hər şey yaxşı gedirdi. Həmin ana qədər heç kim təsəvvür edə bilməzdi ki, hesab belə böyük olacaq. Məğlubiyyətə səbəb təkcə müdafiənin səhvləri deyildi".

"Qarabağ"ı aqressiv komanda adlandıran Miçel deyir ki, uduzanda məyus olmamaq mümkün deyil: "Bizim oyunumuzda dəyişikliklər oldu. Biz hücum futbolumuzu davam etdirməyə hazır idik. Amma sonra topa nəzarəti itirdik və qollar buraxdıq".

İspaniyalı məşqçi bildirir ki, bundan sonra birinci məqsəd öz səhvlərini müəyyənləşdirmək və onu düzəltməkdir: "Biz bilməliyik ki, hansı klubu təmsil edirik. Matçda nəzarəti itirdik. Əgər biz futboldan danışırıqsa, heç kim bu nəticəyə bəraət qazandıra bilməz. Oyunumuzdakı bütün bu qeyri-müəyyənlik mövsümün əvvəlindən komandada yaranmış inamsızlıqla bağlıdır. Mən bununla özümü sığortalamaq istəmirəm. Amma biz hazırda heyətimizdə olmayan bəzi futbolçulara sahib olmaq istərdik".

Mənbə: qol.az