Vüqar Əsgərli: "Belə fikirlər formalaşıb ki, Premyer Liqanı tərk edəcəyik"

"Dünənki qələbəyə görə "Qarabağ"ı təbrik edirik. Oyuna gəlincə isə ağır keçəcəyini bilirdik. Çünki "Zirə"nin heyətində yerli və xarici keyfiyyətli oyunçular var. Oyunları analiz etmişdik, taktiki gedişlər etdik, alındı. Amma təəssüflər olsun ki, yenə standart vəziyyətdən qol buraxdıq. İstəməzdik belə olsun".

Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

" Oyun baxımından 9 tur pis keçmədi. Futbolçular 70-80 faizini meydanda göstərirdi. Amma sonuncu dəqiqələrdə çoxlu xal itirmişik. Belə fikirlər formalaşıb ki, Premyer Liqanı tərk edəcəyik, təzyiqlər var. Amma mən belə fikirləşmirəm. Komandalar arasında 2-3 xal fərqi var. Oyunlarımızı analiz edib, yaxşı hazırlaşacağıq. Yerli futbolçular axtarışındayq. Legionerlər istəyirik. Komandanı gücləndirib, Premyer Liqada qalacağıq" - deyə o bildirib.

V.Əsgərli komandada təcrübə çatmadığını vurğulayıb: "Gənclərin üzərinə çox düşməli deyilik ki, niyə qol vura bilmirlər. Düzələcək. Qış fasiləsində fikirləşib, bir qərara gələcəyik. Legioner olmasa, təcrübəlilər götürəcəyik. Buna qədər onları götürməməyimiz büdcə ilə bağlı deyildi. Daha çox gəncləri cəlb etmək istədik. Stategiya gəncləri oynatmaq idi".

O, qışda kimisə icarəyə götürüb-götürməyəcəkləri ilə bağlı söyləyib: "Milli komandaların oyunlarını izləyib, klublarla danışırıq. Yaxşı oyunçular tapmaq istəyirik".

Mütəxəssis "ötən tur mətbuat konfransında siz yox, Cavid Hüseynov iştirak etdi. Bunun səbəbi nə idi?" sualına belə cavab verib: "Özümüz də təzəyik, stressə dözmək var. Ard-arda son dəqiqələrdə qol buraxırdıq. Həkim dərman verdi və konfransda iştirak etmək istəmədim.

V.Əsgərli Amil Yunanovunun əməliyyatının ağır keçiyini və onun qışda toplanışa qoşulacağını söyləyib.

"Şamaxı"nın baş məşqçisi hər məğlubiyyətdən sonra futbolçuları motivasiya etməyin çətin olduğunu bildirib: "Çünki bizə böyük təzyiqlər var. Futbolçular öz ailələrinin yanına məğlubiyyətlə gedirlər. Amma onlara deyirik ki, hər məğlubiyyət təcrübədir. Pis odur ki, uduzaq, amma dərs çıxarmayaq".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Jurnalistlər üçün müsabiqə elan edildi

SONRAKI XƏBƏR

Hindistanda qar uçqunu nəticəsində ölənlərin sayı 26-ya çatıb