Tərtərdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib

 

Tərtər, 26 noyabr, AZƏRTAC

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin Müstəqim Məmmədov çıxış edərək, layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Sonra 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı.

Diqqətə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Düşmənin təxribatlarına baxmayaraq, tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbirdə çıxış edən AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev layihə haqqında məlumat verib. Bildirib ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Milli Məclisin deputatı Sabir Hacıyev çıxışında bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Mən türkəmənəm, yaşasın türklər” – İran yığmasının lideri

SONRAKI XƏBƏR

Türkiyədə avtobus aşdı, 33 nəfər yaralanıb