Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasında ilk het-trikə imza atıb.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XV turunun “Səbail”lə ev oyununda üç qolla komandasına qələbə qazandırıb – 3:1.

Mahmudov bu görüşədək rəsmi matçlarda 3 və ya daha çox qol vurmayıb.

O, “Neftçi”nin heyətində Premyer Liqada son 10 mövsümdə bunu bacaran ilk futbolçudur. Bakı klubunda bir matçda ən azı üç qol vuran sonuncu oyunçu Nikolas Kanales olub. Çilili forvard 2012/2013 mövsümündə “Sumqayıt”la qarşılaşmada (8:1) pokerə imza atıb. 2012-ci il noyabrın 17-də baş tutan görüşdən 10 il 10 gün sonra Emin het-trik müəllifi olub.

“Neftçi”nin son het-triki isə 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AZAL-ı üç dəfə məyus edib – 7:1.

Mahmudov həm də karyerasının rekorduna imza atıb. Cari çempionatda 9 qol vuran futbolçu ən məhsuldar mövsümünü keçirir. O, 2018/2019 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.

Yarımmüdafiəçi Premyer Liqada mövsümün ilk het-trikinə imza atıb. “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı bir oyunda daha çox – 4 qol vuraraq poker etsə də, Mahmudovadək bir görüşdə 3 top vuran olmamışdı.

Qeyd edək ki, “Səbail”lə görüşdə het-trik edən yarımmüdafiəçi “Neftçi”dəki qol sayını 40-a, Premyer Liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Narkotik kraliçası" ləqəbli qadın saxlanılıb

SONRAKI XƏBƏR

Aktyorun yeni layihəsi bəlli oldu