Levandovskinin "ilk"i 2600-cü olub, növbəti yubileyə 43 qol qalıb

Levandovskinin "ilk"i 2600-cü olub, növbəti yubileyə 43 qol qalıb<span class="qirmizi"></span>

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.

"Report"un araşdırmasına görə, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.

34 yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın II turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə yiyələnib.

DÇ-2022-yədək turnirlərdə 2 548 qol qeydə alınmışdı. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, forvardın turnir tarixində ilk qoludur.

Qətərdəki mötəbər yarışda bu vaxtadək 109 dəfə (100-cü qolu afrikalı futbolçu öz qapısına vurub) top qapı xəttini keçib. Bu isə o deməkdir ki, mundiallar ərzində 2 657 belə hal yaşanıb. Asiya ölkəsindəki turnirdə bu rəqəm 2 700-ə də çata bilər. Bunun üçün ən azı 43 qol daha qeydə alınmalıdır.

Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.

Mənbə: report.az