Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

"Buraya gəldikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim".

"Report"un məlumatına görə, bunu "Sabah"ın futbolçusu Coy Lens Mikels "transfermarkt" saytına müsahibəsində Bakı klubuna keçidi barədə danışarkən deyib.

Almaniyalı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycana yeni gələndə hoteldə qalırdı: "Bakıda mənzilim və ətrafımda, demək olar ki, ingiliscə danışan yox idi. Burada Almaniya və ya Niderland ilə müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum".

28 yaşlı vinger sonradan hər şeyin dəyişdiyini və şərlərə uyğunlaşdığını etiraf edib. Təcrübəli oyunçu bunu ilk növbədə öz işinə peşəkar münasibəti ilə əlaqələndirib: "Elə yaşdayam ki, öz hərəkətlərimi daha çox düşünürəm. Əvvəllər vaxtımın çox hissəsini "PlayStation"da keçirirdim, indi isə bərpa prosesi üçün daha çox idman zalında oluram".

O, 2021-ci ildə "Sabah"dan aldığı təklifdən də söz açıb: "Bu, mənə həm həyəcanlı, həm maraqlı, həm də ekzotik təsir bağışladı. Sonda öz-özümə düşündüm: peşəkar futbolçu olmaq üçün çox vaxtım yoxdur. Niyə də cəhd etməyim? Üstəlik, UEFA Konfrans Liqasında iştirak etmək imkanınız da var. Azərbaycan çempionatı çox güclüdür. Liqada klassik müdafiəçilər var. Burada siz hər oyunun fiziki gərginliyini yaşayırsınız və bunu sümüyünüzə qədər hiss edirsiniz".

Mikels təkcə meydanda deyil, artıq kənarda da özünü yaxşı hiss etdiyini söyləyib: "Burada inanılmaz dərəcədə istiqanlı və ürəyiaçıq insanlarla tanış oldum. Bir ailə olaraq, Bakı bizim üçün sakit və rahat şəhərdir".

Təcrübəli futbolçu Azərbaycan futbolu ilə bağlı mənfi məqamı da açıqlayıb: "Biz oyunçuları hətta Bakı kimi 2 milyondan çox əhaləsi olan şəhərdə də tanıyır, ünsiyyət saxlayırlar. Televiziya reytinqləri çox yaxşıdır, hər yerdə futbol oynayırlar. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı matçlarımızda 10 000-dən çox tamaşaçımız olur. Adi oyunlarda isə cəmi 3 000 tərəfdar gəlir".

Qeyd edək ki, Coy Lens Mikels ötən ay "Sabah"la 1+1 illik yeni müqavilə imzalayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2022: Sterlinq İngiltərə millisinin düşərgəsini tərk etdi

SONRAKI XƏBƏR

Ərdoğan: Putin təklif edib, hazırlıq görürük!