Almaniya millisinin baş məşqçisi ilə bağlı QƏRAR

Qətərdə keçirilən dünya çempionatındakı uğursuzluqlardan sonra bir çox milli komandalarda məşqçilər istefa verib. Lakin bu, Almaniya millisinə aid deyil.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Almaniya Futbol Assosiasiyasının rəhbərliyi iclasında Bundestimin dünya çempionatında hətta qrup mərhələsini belə keçə bilməməsinə baxmayaraq, Hansi Flikə güvəndiyini bildirib.

"The Athletic"in məlumatına görə, mütəxəssis ən azı 2024-cü il Avropa çempionatının sonuna qədər milli komandaya rəhbərlik edəcək.

"Mən və məşqçilər korpusum ölkəmizdə keçiriləcək Avropa çempionatına nikbin baxırıq. Komanda olaraq Qətərdə göstərdiyimizdən daha çox şey edə bilərik. Orada böyük fürsəti əldən verdik. Bundan dərs alacağıq.

Bu gün Bernd Noyendorf və Aki Vatzke ilə razılaşdırılmış ortaq bir yola inanıram. Biz hamımız istəyirik ki, bütün Almaniya 2024-cü ildə keçiriləcək Avropa çempionatında milli komanda üçün yenidən bir araya gəlsin”, - Flik bu xəbəri belə şərh edib.

Xatırladaq ki, 57 yaşlı çalışdırıcı 2021-ci ilin avqustunda Almaniya millisinin baş məşqçisi postunda Yoahim Lövü əvəzləyib. Həmin vaxtdan Almaniya yığması Flikin rəhbərliyi altında 19 oyun keçirib (11 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət).

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Saakaşvilidən üzücü xəbər - “Cəmi bir neçə ay yaşaya bilər”

SONRAKI XƏBƏR

Rus sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxarıla bilər – Politoloq açıqladı