“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili 2022-23 mövsümündə ölkə çempionatlarında ən az qol buraxan qapıçılar sırasına düşüb.

“Report”un məlumatına görə, Ağdam klubunun gürcüstanlı qolkiperi Azərbaycan Premyer Liqasında meydana çıxdığı 10 oyunda 7 top buraxmaqla buna nail olub.

Quqeşaşvili bununla Avropa ölkələrinin milli çempionatlarında ən az qol buraxan 30 qapıçıdan biri olmağı bacarıb. Onunla bərabər Allan Makqreqor (“Reyncers”, Şotlandiya), Vanya Alveş (“Aris”, Kipr), Yevann Diuf (“Reyms”, Fransa), Çiprian Tataruşanu (“Milan”, İtaliya), Viktor Straystari (“Zarya”, Moldova) və Ruslan Neşeret (“Dinamo”, Kiyev, Ukrayna) də cari mövsüm 7 dəfə topu tordan çıxarmalı olub. Lakin Quqeşaşvili həmkarlarından çox oyun keçirdiyi üçün onları qabaqlayaraq, 29-cu yerdə qərarlaşıb.

23 yaşlı qolkiper bu göstərici ilə Canluici Buffon (PSJ, Fransa), Aaron Ramsdeyl (“Arsenal”, İngiltərə), Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, İspaniya), Tibo Kurtua (“Real”, İspaniya) kimi qitənin nəhəng klublarındakı həmkarlarını qabaqlayır.

Ümumilikdə 150 qapıçının düşdüyü siyahıda “Zirə”dən Mehdi Cənnətov (9 oyunda 9 qol), “Sabah”dan Yusif İmanov (16 oyunda 11 qol) və “Neftçi”dən İvan Brkiç (8 oyunda 12 qol) də yer alıb. Onlar müvafiq olaraq 73, 105 və 149-cu sıralarda qərarlaşıblar.

Siyahıya Sloveniyanın “Olimpiya” klubunun bir nömrəli dəri əlcək sahibi Matevz Vidovşek başçılıq edir. 23 yaşlı qolkiper ölkə çempionatında keçirdiyi 12 matçda cəmi 1 qol buraxıb. Kipr APOEL-inin sloveniyalı qapıçısı Vid Belets 10 görüşdə qapısında 3 top görməklə həmyerlisini izləyir. İlk “üçlüy”ü İtaliyanın “Yuventus” klubunun oyunçusu Voytsex Şesnı qapayır. Polşa millisinin üzvü 3 qolu 9 matçda buraxıb.

Qeyd edək ki, Luka Quqeşaşvili “Qarabağ”a bu ilin yanvarında Polşa klubu “Yagelloniya”dan keçib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Macarıstandan Rusiyaya DƏSTƏK: Aİ-yə qarşı çıxdı

SONRAKI XƏBƏR

Trampın ailəsinə məxsus şirkət vergidən yayınmaqda təqsirli bilinib