"Qarabağ"ın sabiq futbolçusu: "Şən oğlanam, yalnız oyun zamanı ciddi oluram"

"Qarabağ"ın sabiq futbolçusu: "Şən oğlanam, yalnız oyun zamanı ciddi oluram"<span class="qirmizi"></span>

"Düşünürəm ki, mən çox şən, həyatdan zövq alan və xoşbəxt oğlanam. Müsbət enerjimi yaxın insanlara ötürməyə, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram. Yalnız oyun zamanı ciddi oluram və meydanda əlimdən gələni edirəm".

"Report"un məlumatına görə, bunu qış fasiləsində "Qarabağ"ı "Krasnodar"a dəyişən braziliyalı futbolçu Kadi Borges Rusiya klubunun rəsmi yutub kanalına özü barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, həmişə gülərüz, şən insanlarla yaxınlıq edir: "Yanımda olanların hamısının belə olmasını istəyirəm. Şənlik, təbəssüm və sevinc mənim üçün əsas keyfiyyətdir. Kiminsə öz pulunu insanların qabağına qoymasını xoşlamıram. Belə bir insanla heç vaxt yol getmərəm".

"Sambaçı" futbola marağının kiçik yaşlarından başladığını söyləyib: "Dörd yaşımdan topla oynayıram. Odur ki, digər seçimim olduğunu düşünmürəm. Heç vaxt başqa yolla getmək istəməmişəm. Həmişə topla oynamağı arzulamışam. Hər zaman yanımda top olub. Mən ancaq futbolçu olmaq istəmişəm".

Ailə üzvlərindən də söz açan təcrübəli oyunçu ən böyük azarkeşinin ortancıl qardaşı olduğunu vurğulayıb: "İki qardaşım var. Mən ailənin ən kiçiyiyəm. Ortancıl qardaşım çalışsa da, peşəkar futbolçu ola bilmədi. Çünki, bu, onun üçün deyildi. Başqa sahələrə maraq göstərdi və hazırda hüquqşünasdır. Heç bir oyunumu buraxmırlar. Qardaşım əsas tamaşaçıdır, onunla matçları müzakirə edirik. Digər ailə üzvlərim futboldan o qədər də məlumatlı deyil. Ona görə də bu barədə az danışılır. Qol vuranda, yaxşı oynayanda mənə görə sevinirlər".

Borges "Krasnodar"a keçidinin səbəbini də açıqlayıb: "Qarabağ"da olanda ruslarla oynamışam. Onlar klub, struktur, heyət və prezident haqqında çox yaxşı danışırdılar. Hətta o zaman da bu keçidə şübhəm yox idi. Mənə klub haqqında təfərrüatları deyəndə "Krasnodar"ın şəhər üçün böyüklüyü və əhəmiyyəti ilə bağlı hər şeyi başa düşdüm. Rusiyalı uşaqlar mənə dedilər ki, şəhər sakit və rahatdır, yaxşı yaşamaq üçün hər cür şərait var".

Bədənindəki döymələrə də toxunan futbolçu qolundakı rəsmlərin dinə aid olduğunu bildirib: "Mən katolikəm. Burada qeyri-adi heç nə yoxdur. İlk döyməmi isə ailəmə - atam, anam, qardaşlarım və nənəmə həsr etmişəm. 27 rəqəmi isə qızımın ad gününə işarədir".

Qeyd edək ki, Kadi Borges "Krasnodar"la 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Mənbə: report.az