CAS-ın azərbaycanlı məşqçi ilə bağlı qərar verəcəyi tarix müəyyənləşib

CAS-ın azərbaycanlı məşqçi ilə bağlı qərar verəcəyi tarix müəyyənləşib<span class="qirmizi"></span>

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) işinə baxılacaq tarix müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, CAS mütəxəssisin “Sumqayıt” barədə şikayətində haqlı olub-olmadığına fevralın 9-da qərar verəcək.

Çodarov 2021-ci ilin dekabrında istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib.

42 yaşlı məşqçi 4 aylıq maaşının ödənilmədiyi iddiası ilə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib, adıçəkilən qurum 2022-ci il martın 17-də onu haqlı sayıb. Lakin bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub. Qərarla barışmayan Çodarov isə CAS-a müraciət edib.

Qeyd edək ki, Elnur Çodarov hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçisidir.

Mənbə: report.az