Braziliyalı futbolçu: “Azərbaycan məni təəccübləndirdi”

Braziliyalı futbolçu: “Azərbaycan məni təəccübləndirdi”<span class="qirmizi"></span>

“Həm “Sumqayıt” klubu, həm də Azərbaycan məni müsbət mənada təəccübləndirdi”.

“Report” xəbər verir ki, bunu “Sumqayıt”ın qış fasiləsində Ukraynanın “Kolos” klubundan icarəyə götürdüyü braziliyalı futbolçu Dieqo Karioka ölkəsinin “esportenewsmundo” nəşrinə açıqlaması zamanı deyib.

25 yaşlı yarımmüdafiəçi yeni komandasına artıq uyğunlaşdığını bildirib: “Sumqayıt”a uyğunlaşma dönəmim rahat keçdi. Rus dilini öncədən bilirdim. İngilis dilini bilməyim də uyğunlaşma prosesinə çox kömək oldu. Yaşadığım şəhər gözəl, insanlar sakitdirlər. Bura ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün klub mənə hər cür dəstəyi verdi”.

Karioka Premyer Liqanın XX turunda “Turan Tovuz” üzərində qələbə qazandıqları (2:1) matçı da dəyərləndirib: “Daha sakit və rahat şəkildə yola davam edə bilməyimiz üçün startda qələbə qazanmaq həmişə yaxşıdır. Qısa müddət əvvəl bura gəldiyimi nəzərə alsaq, meydana çıxmaq və qalib gəlmək çox vacib idi. Çünki “Sumqayıt”ın heyətində iştirak etmək üçün səbirsizlənirdim”.

Qeyd edək ki, “Turan Tovuz”la görüşün start heyətində meydana çıxan Dieqo Karioka 73 dəqiqə mübarizə aparıb.

Mənbə: report.az