"Araz Naxçıvan" rəsmisi Vasif Talıbovun yaratdığı problemi təsdiqlədi - "Yoluna qoyacağıq"

"Araz Naxçıvan" rəsmisi Vasif Talıbovun yaratdığı problemi təsdiqlədi - <span class="qirmizi">"Yoluna qoyacağıq"</span>

Azərbaycan Premyer Liqasının bu mövsüm üçün hazırlanan əsasnaməsində belə bir bənd var: sonuncu yeri tutan komanda çempionatı tərk edəcək.

Bu o deməkdir ki, diviziondan elitaya ən azı bir komanda gəlməlidir. Aşağı liqada vəziyyət o yerdədir ki, bir əlin barmaqların sayı qədər klub yoxdur. Premyer Liqaya namizəd kimi bir klubun adı göstərilir – “Araz Naxçıvan”.

Bu klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. Naxçıvan təmsilçisi hətta 2014/15 mövsümündə ölkənin əsas futbol çempionatında çıxış edib. Ancaq klub qalmaqallı şəkildə çempionatdan yarımçıq ayrılıb.

Bununla belə, hər zaman “Araz Naxçıvan” üçün Premyer Liqa perspektivləri olub. İndi də var. Ancaq Naxçıvan Muxtar Respublikasında son zaman baş verən dəyişikliklər klubun fəaliyyətini və elitaya qayıtmaq şanslarını çətinə saldığı söylənilir. Eyni zamanda, “Araz”ın adı müxtəlif qalmaqallarda hallanır.

Bütün bu məqamları nəzərə alaraq, klubun icraçı direktoru Tural Hüseynalıyevlə həmsöhbət olduq. Naxçıvan təmsilçisinin rəsmisi Publika.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib:

- “Araz Naxçıvan” uzun fasilədən sonra Premyer Liqaya qayıtmaq istəyir. Ancaq klubun əsas çempionatdakı çıxışını vaxtilə yarımçıq dayandırması imicinə mənfi təsir edib və inamı azaldıb. Bu dəfə necə olacaq? Bu inamı bərpa edə biləcəksiniz?

- Futbol aləmində belə hallar olur. Təbii ki, istənilən halda bu, yaxşı qarşılanmır. Amma biz geriyə yox, irəliyə baxırıq. “Araz”ın yarım əsrdən çox tarixi var. Biz bunu yaşatmaq üçün çalışırıq. Klubumuz hələ sovet dönəmində çıxışlarıyla Azərbaycan futbolunda ad çıxarıb. İnanırıq ki, gördüyümüz iş azərkeşləri yenidən “Araz” sevgisinə qaytaracaq. Düzdür, bu gediləsi uzun, həm də şərəfli yoldur.

- Komandanın adı mətbuatda son günlər fərqli formada hallanır. “Araz Naxçıvan”a protokol tərtib edilib. Eyni zamanda, klubda maliyyə yoxlamaları başlayıb...

- Kluba bir ilə yaxındır gəlmişik. Mətbuatda yazılanlar isə bizdən öncəki idarəçiliyin problemidir. Düzdür, indi məcburən biz bu işləri yoluna qoyacağıq. Nə etmək olar, iş olanda problem də olur. Açığını deyim ki, yaxşı hal deyil. Çalışacağıq tezliklə məsələləri yoluna qoyaq.

- Hazırda klub necə maliyyələşir? Naxçıvandakı dəyişikliklər “Araz”a təsir edəcəkmi? Yeni mövsümlə bağlı planlarınız pozulmayacaq ki?

- İlkin dövr üçün maliyyə problemimiz yoxdur. İşlər normal gedir. Onu da deyim ki, təkcə futbolçulardan ibarət komanda qurmuruq. Axı bizim infrastrukur işlərimiz də var. Görüləsi işlər çoxdur. Respublika stadionunun öt örüyünün yenilənməsi, işıq və səs sisteminin təkmişləşdirilməsinə çalışırıq.

 

Qaldı Muxtar Respubikada son zamanlar aparılan islahatılara, onu qeyd etmək istəyirəm ki, biz futbol klubu qururuq, siyasətdən uzağıq. Əksinə, düşünürəm ki, futbol sosial proqram olduğu üçün yeni rəhbərlik öz dəstəyini verəcək.

Komandamız dünən Bakıdan qış təlim məşq toplanışından qayıdıb. 4 yoxlama oyunu keçirib. Məşqlər normal keçib. Yoldaşlıq oyunu olmağına baxmayaraq nəticələrdən razıyam. Komandmıza PRO kateqoriyalı məşqıçı Azər Bağırov rəhbərılik edir. Yaxın günlərə yeni transferlər barədə məlumat verəcəyik.

- AFFA-nın Premyer Liqada iştirakla bağlı lisenziyalaşdırma tələbləri var. Onları yerinə yetirə biləcəksiniz?

- Əvvəl də qeyd etdim ki, işlər çoxdur. Təkcə futbolçuları dəvət etmək deyil. Həm də ümumi işlər və infrastruktur. Keçən ildən bu prosesə start vermişik. Hüquqi sənədləri, demək olar hazırlamışıq. AFFA-nın tələblərini yerinə yetirmək üçün yaxşı bir kollektivlə çalışırıq. Tezliklə işləri başa vuracağıq. Bizim hədəflər Premyer liqada iştirakla bitmir. Avropada ölkəmiz adına müsbət nəticələr qazanmaq üçün yola çıxırıq.

- Naxçıvanda uşaq futbolun vəziyyəti necədir?

- “Araz Naxçıvan”ın artıq uşaq futbol akademiyası yaradılıb. Uzunoba təlim məşq bazasında formalaşır. Akademiyanı PRO kateqoriyalı məşqiçi Adil Şükürova həvalə etmişik. İnanıram ki, bu işin bəhrəsini görəcəyik. İnamım ona görə var ki, vaxtilə “Araz”ın əsas heyətində 7-8 yerli futbolçu çıxış edirdi. Bu ənənə son zamanlar zəifləyib. İndi bunu bərpa etmək üçün əlimizidən gələni edəcəyik.

- Klubun başqa hansı planları var?

Mən nəzəri olaraq həmişə futbolun içində olmuşam. Bu idman növünü çox sevirəm. Həm azarkeş olmuşam, həm də asudə vaxtlarımda top da qovmuşam. İndi tale elə gətirdi ki, rəhbərlik klubun idarəçiliyini mənə tapşıdı. Şərəfli və çətin işdir. İndi mən praktik olaraq futbolla yaşayıram. Bunun üçün beynimdəki bütün planları uzaq hədəflər üçün cızıram. “Araz Naxçıvan”ın bütün kollektivi bu işdə əl-ələ verib hamını sevindirmək üçün çalışacaq.

Heybət Məmmədov

Mənbə: publika.az