Qeyri-adi hadisə - Qol vuranda meydanda idi, sevinəndə isə... - FOTOLAR/VİDEO

Qeyri-adi hadisə - Qol vuranda meydanda idi, sevinəndə isə... - FOTOLAR/VİDEO<span class="qirmizi"></span>

İspaniya La Liqasının son turunda qeyri-adi hadisə yaşandı. “Atletiko” – “Xetafe” matçında qol vuruldu. Ancaq top qeydə alınanda futbolçu meydanda deyil, ehtiyat oyunçular skamyasında idi. Bu, necə baş verə bilər?

Sözügedən hadisə matçın 60-cı dəqiqəsində yaşandı. Madrid təmsilçisi Tomas Lemarın zərbəsindən sonra hesabda önə keçməyə yaxın olsa da, rəqib qolkiper topu dəf edə bildi. Ancaq “Xetafe”nin qapıçısı onu düz Anxel Korreanın qabağında atdı. O da fürsəti əldən vermədi. Amma Antonio Mateu Laosun hakimlər briqadası argentinalı futbolçunun oyundankənar vəziyyətdə olduğu bildirərək qolu qeydə almadı. “Atletiko”nun futbolçuları və baş məşqçi Dieqo Simeone nə qədər etiraz etsə də, xeyri olmadı. Daha sonra argentinalı mütəxəssis Korreanı əvəzləmək qərarına gəldi.

Lakin VAR işə qarışdı. Xətlər çəkildi və qol epizodunda ofsayd olmadığını məlum oldu. Budur, qol qeydə alınır! "Atletiko"nun oyunçuları dərhal ehtiyat oyunçular skamyasına qaçaraq Korreanı təbrik etdilər.

Komanda yoldaşlarının əhatəsindən ayrılan Anxel özü də qolu xüsusi formada qeyd etdi. Belə bir qolu və onun müəllifini çox nadir hallarda görürük. Bu mövsüm La Liqada 5-ci qolunu vuran Korrea həmin anı belə xatırlayır:

 

"Bu, çox nadir bir hadisədir. Meydanda qəribə hisslər var idi. Hakimlərin qərarı şübhəli görünsə də, oyundankənar vəziyyət elan etdilər. Məşqçi mənə əvəzlənmə ilə bağlı xəbərdarlıq etdi və getməli oldum. Xoşbəxtlikdən qol qeydə alındı”.

Bununla belə, “Atletiko” qələbə hesabını qoruya bilmədi. 83-cü dəqiqədə Enes Ünal penaltidən hesabı bərabərləşdirdi. Simeonenin komandası hazırda çempionatda dördüncüdür. Madrid təmsilçisi lider "Barselona"dan 15, "Real Madrid"dən isə 10 xal geri qalır.

Heybət

 

Mənbə: publika.az