“Qarabağ”-“Braqa” oyunundan sonra sosial şəbəkədə belə bir video ilə rastlaşdım:
Azərbaycanlı uşaq ağlayaraq anasından israrla tələb edir: Məni Nərimanla görüşdürəcəksən. Mütləq görüşdürəcəksən.
Böyük ehtimalla, “Qarabağ”ın tarixi uğurundan, Nərimanın “Braqa”nın qapısına vurduğu qoldan sonra çəkilmişdi bu kadrlar.
Azərbaycan müstəqil olandan sonra onun azyaşlıları bu ölkədə özlərinə futbol kumiri tapa bilməyiblər heç vaxt. Uşaqlarımızın söz-söhbəti Ronaldo (Yekədiş), Zidan, Fiqu, Raul, Kriştiano, Messi və hətta 90-cı illərdə Roje Milla olub.
Övladlarımızın düşüncəsi əcnəbilərin jestləri, danışıqları, gülüşləri, qol sevinclərinin təsiri altında formalaşıb.
2000-ci illərdə Türkiyə futbolu inkişaf etdikcə, üzümüzü İstanbula tərəf də tutmuşuq. Azərbaycanlı uşaqlar üçün “Qarabağ” yox, “Qalatasaray” vardı, “Neftçi” yox, “Fənərbağça” mövcud idi.
Qınamalıydıq uşaqlarımızı? Buna nə haqqımız çatdırdı ki? Avropada hər kəsin məğlub edə biləcəyi komandaları sevməyə necə məcbur edəydik uşaqları? Onlar qalib psixologiyası axtarırdılar, onlar məğlubun yanında olmaq istəmirdilər. Və o qalib psixologiyası sonradan o uşaqları Qarabağda zəfərə aparacaqdı.
“Qarabağ” – “Braqa” oyunundan sonra azərbaycanlı uşaq ağlayaraq anasından tələb edirdi: Məni Nərimanla görüşdürəcəksən. Mütləq görüşdürəcəksən. O uşaq qalibin yanına can atır. Özümüzdən olan qalibin. “Qarabağ” uşaqlarımızın düşüncəsini dəyişdi, asta-asta, addım-addım dəyişdi. İndi o uşaqların söz-söhbəti həm də Qurbandır, Nərimandır, Elvindir, Toraldır.
“Qarabağ” uşaqlarımızı “yoldan çıxarır”, öz yoluna qaytarır. İndi o uşaq özünü sevir. Nəriman onun özüdür. Nərimanda özünü görmək istəyir o uşaq. İnanmırsınızsa, bu videoya baxın. Baxın və görün ki, “Qarabağ” uşaqlarımızın düşüncəsini necə dəyişib. Özünüzü sevin!
Natiq Muxtarlı
Mənbə: publika.az