“Hələ ki, “Braqa” ilə qələbəyə görə bonus almamışıq” - “Qarabağ”ın qapıçısı

“Hələ ki, “Braqa” ilə qələbəyə görə bonus almamışıq” - “Qarabağ”ın qapıçısı

 

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın “championat.com” nəşrinə geniş müsahibə verib. “Qafqazinfo” qol.az-a istinadən rusiyalı qolkiperin müsahibəsini müəyyən ixtisarla təqdim edir:

- Karyeranızda “Braqa” ilə oyundakı kimi trillerlər görmüsünüz?

- Xeyr. Məhz, hadisələrin belə inkişafı mənim karyeramda ilk dəfədir.

- Komanda yoldaşının (Elvin Cəfərquliyev-red.) bolqarıstanlı hakim tərəfindən meydandan qovulması ədalətli idi?

- Düzünü desəm, birinci faulu görmədim və xatırlamıram, amma ikincidə sarı vərəqə haqlı qərar idi.

- Bakıda stadionun ab-havası yaxşı idi?

- Əla atmosfer, dolu stadion var idi. Azarkeşlər yaxşı dəstək oldular. Ola bilsin ki, buna görə əlavə hissələri oynamağa gücümüz çatdı və iki dəfə fərqlənə bildik. Bu, azarkeşlərin sayəsindədir.

- 120+2-ci dəqiqədə qol vurdunuz. Bu, necə oldu?

- Fantastikdir! Təcrübəli müdafiəçi olan kapitanımızın qayda pozuntusundan sonra tez qərar verməsi və ötürməsi sayəsində qol vura bildik. O, irəli çıxan hücumçumuzu gördü və ilk görüşdə 100 faizli qol şansını qaçıran gənc futbolçu bizi növbəti mərhələyə yüksəldən qol vurdu.

- 0:2, sonra 1:3 hesabı oldu. Həmin vaxtlar mərhələ keçəcəyinizə inamınız vardı?

- Əlbəttə! Bir oyunçunu itirmək, iki qol buraxmaq xoşagəlməz idi. Amma yenə də inanırdım. Hər iki qarşılaşmanın gedişində həm qol epizodları, həm də oyun baxımından daha güclü idik. Mənə elə gəlir ki, “Qarabağ” 1/8 finala yüksəlməyə daha çox layiq idi.

- Soyunub-geyinmə otağınızda nə baş verirdi?

- Müsbət emosiyalar, sevinc, bayram ab-havası. Müxtəlif insanlar içəri girdi. Amma şəxsən mən fiziki və psixoloji olaraq çox yorğunam. Ona görə də emosiyalarımda daha təmkinli idim.

- Belə oyunlardan sonra ikiqat bonus istəyə bilərsinizmi?

- Burada bonuslarla, xüsusən də ikiqat bonuslarla bağlı durum bir az fərqlidir. Hələ heç nə almamışıq (gülür).

- Matçdan sonra Bakıda sevinc sədaları çox idi?

- Məncə, bəli. Çölə çıxmadığım üçün görmədim. Gec olduğu üçün dərhal evə getdim. Amma bəzi videolar diqqətimi metronun, stadionun yaxınlığında baş verənlərə cəlb etdi. Azarkeşlər çox sevindilər. Onlar buna layiq idilər.

- “Qarabağ”a gəlişinizin səbəbi də elə bu deyildimi?

- Təbii ki, əsas səbəb bu idi.

- Avropa Liqasının bu mərhələsinə qədər irəliləyən yeganə rusiyalıya diqqət artdımı?

- Məgər mən bu mərhələyə qədər gələn tək rusiyalı futbolçuyam?

- Bəli, bu mərhələyə qədər irəliləyən tək sizsiniz. Aleksey Mirançukun komandası (“Atalanta”) mübarizəyə 1/8 finaldan qoşulacaq.

- Onunla eyni mərhələdə oynamaq istəyirdim. Bəli, oyundan sonra çoxlu mesajlar gəldi. Matçdan əvvəl isə o qədər diqqət hiss etmədim. Mən bunu normal qəbul edirəm.

- Statistikaya görə, siz Avroliqada hamıdan çox seyv etmisiniz. Hər oyunda işiniz çox olur?

- Demək olmaz ki, işim çoxdur. Bəzi oyunlarda daha çox, bəzilərində az olur. Məsələn, “Braqa” ilə oyunlarda seyvlərim yox idi. Rəqib qollar vurdu və mən qarşısını ala bilmədim. Bu statistik məqamlar mənim üçün xoşdur, amma mən onlara çox əhəmiyyət vermirəm. İşimi görməyə çalışıram. Komandanın nəticələri daha önəmlidir.

- Daxili çempionatdan Avropa Liqasına və sonra yenə geriyə keçid etmək çətindir?

- Əksinə, asandır. Çünki bunlar çoxdan gözlənilən oyunlardır. Avrokuboklarda futbol ab-havası, dolu stadion, futbolun keyfiyyəti tamam başqadır. Bütün bunları çox gözləyirsiniz.

- Azərbaycan çempionatında “Qarabağ” daha çox dominant çıxış edir. Avropada isə müdafiə olunursunuz?

- Deməzdim ki, biz Avropa yarışlarında daha çox müdafiədə çıxış edirik. “Braqa” ilə cavab matçı belə alındı. Çünki qırmızı vərəqəmiz var idi. Bundan əvvəl də çoxlu qol imkanları yaratmışdıq. Aydın məsələdir ki, Avropada rəqiblər yerli çempionatdakılardan fərqli səviyyədədir. Təzyiq var, azarkeşlər - bütün bunlar oyunda iz qoyur. Təbii ki, fərq var, amma biz həm çempionatda, həm də avrokuboklarda öz futbolumuzu oynamağa çalışırıq. Qlobal miqyasda oyunumuz fərqli deyil

- 1/8 finalın püşkatmasının nəticələrini necə qarşıladınız? Sanki “Bayer” sizi izləyir.

- Bir tərəfdən onlarla yenidən oynamağım çox xoşdur. Digər tərəfdən bu, başqa mərhələdə baş versəydi, daha yaxşı olardı. O mənada bəzi üstünlüklər var ki, onlarla 2 oyun keçirmişik, tanıdığımız komandadır. Rəqibin necə oynaması, onlara qarşı necə oynaya biləcəyimiz, güclü və zəif tərəflərinin nə olduğu barədə anlayışımız var. Mənfi cəhətləri də var. Bu futboldur. İstənilən rəqiblə oynaya bilərsiniz və oynamalısınız.

- “Bayer”dəki keçmiş komanda yoldaşlarınızla əlaqəniz varmı?

- Qapıçılarla danışırdım. İndi isə daha az ünsiyyətdə oluruq. Amma danışdığım insanlar var.

- Onlarda öz aranızda zarafat edirsinizmi ki, tez-tez qarşılaşırsınız?

- Qapıçı məşqçiləri ilə əlaqə yaratmışıq. Baş məşqçimiz isə cəmi bir ay əvvəl “Bayer”in düşərgəsində olub. Bizə casuslar, deyə bilərsiniz (gülür).

- Siz gedəndən sonra "Bayer" çox dəyişib?

- Yəqin ki, belədir. Komandanın oyununa və keyfiyyətinə rəng qatan 3 futbolçu alıblar. Əlbəttə ki, oyun stilistik cəhətdən dəyişib və bu, nəticələr verir. Komanda 30-dan çox oyundur ki, məğlubiyyətsiz irəliləyir. Bu baxımdan təəccüblü bir şey görmürəm, oyunçuları əladır.

- Deyə bilərik ki, indi oyun dəqiqələri baxımından Almaniyada itirilənlərin əvəzini çıxarırsınız?

- Mən təcrübə keçmək istəyirdim. Bəli, bunun avrokubokların olması arzuolunan idi.

- Ümumiyyətlə, Bakıda işləriniz necə gedir? 

 - Şikayət etmək günah olardı.

- Yeni bir yerdə məskunlaşmısınız?

- Bəli, uşaq bağçaya gedir, həyat yoldaşımın da hər şeyi var. Mənzil, yemək, hər şey yaxşıdır.

- Beş ildən çoxdur ki, millidə çıxış etmirsiniz. Belə uğurlu çıxışlardan sonra milli komandadan zəng gözləyirsiniz?

- Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Mən təkcə milliyə gəlmək yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm. Bu, çox gözəl olardı. 

- Siz yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanovla danışmısınız?

- Bəli, əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. 

Mənbə: qafqazinfo.az