Qaxdan olan şəhid ailəsi "Qarabağ"-"Qalatasaray" oyununa dəvət olunub

Qaxdan olan şəhid ailəsi "Qarabağ"-"Qalatasaray" oyununa dəvət olunub<span class="qirmizi"></span>

Şəhid Fərid Dursunovun həyat yoldaşı və iki övladı martın 26-da Bakıda keçiriləcək "Qarabağ" və "Qalatasaray" futbol klubları arasında baş tutacaq dostluq matçına azarkeş kimi dəvət olunublar.

Bu barədə "Report"un Şimal-qərb bürosuna şəhidin ailəsi məlumat verib.

Dursunovlar ailəsi çox sevindiklərini, Fəridin ruhunun bir daha şad olduğunu bildiriblər. Həmin oyunda şəhidin övladları, İsa və Ömər "Qalatasaray" oyunçuları ilə birlikdə meydana çıxacaqlar.

Şəhidin böyük oğlu İsa Dursunov bildirib ki, "Qalatasaray"ın oyununda iştirak etmək hər zaman arzusu olub:

"Ailəlikcə "Qalatasaray" azarkeşiyik, atam da bu klubun azarkeşi olub. Hər dəfə "Qalatasaray"ın oyunlarına baxardı. O, istərdi ki, "Qalatasaray" gəlsin, Azərbaycanda oynasın. İndi ayın 26-sı "Qarabağ"la dostluq matçı keçirəcək. Çox sevinirəm ki, bizi bu oyuna dəvət ediblər. Maraqlı olacaq, bir az da həyəcanlıyam".

Şəhid kapitanın həyat yoldaşı qeyd edib ki, Fərid Dursunovun arzusu yerinə yetdiyi üçün sevinclidir:

"Ağlıma da gəlməzdi ki, bizi dəvət edərlər. Mən "Qalatasaray"ın Bakıya gələcəyini eşidəndə həyəcanla bilet əldə etmək istədim. Elə həmin günü bizi "Qalatasaray" klubundan dəvət etdilər. Çox şad olduq".

Hazırda şəhidin məzarı başında Azərbaycanın üçrəngli bayrağı və çox sevdiyi "Qalatasaray" klubunun bayrağı dalğalanır.

Qeyd edək ki, Türkiyənin nəhəng klublarından olan "Qalatasaray" futbol klubunun oyunçuları Fərid Dursunov Vətən müharibəsində şəhid olduqdan sonra növbəti oyunda meydana şəhidin adı yazılmış formalarla çıxıb.

Mənbə: report.az