Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

Mövsümə yaxşı hazırlaşan "Sabah” transferləri ilə diqqət çəkdi. 13 yeni futbolçu ilə güclənən komanda iddiasını ortaya qoymaq niyyətindədi.

Yeni mövsümün ilk turunda "Neftçi”ylə rəqib meydanında edilən heç-heçə də gələcək üçün ümid verdi. Çempionluğa əsas namizədlərdən birini büdrətmək, hətta daha üstün oynamaq "Sabah”ın hamıya başağrı olacağına işarədi. Yəqin ki, bu tur "Keşlə” də bunu hiss edəcək.

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov da iddialıdı. O, rəqiblər arasında fərq qoymasa da, hamıyla oynamağın ümkünlüyünü deyir: "Bu oyunda 3 xal çox vacibdi. Mövsümə pis başlamamışıq. Bunun davamını gətirmək, daha yaxşısına nail olmaq lazımdı. Milli komandaların oyunlarına görə yaranacaq fasiləyədək maksimum xal arzulayırıq. Buna potensialımız var. Çempionatda iştirak edən 8 komandanın hamısı bir-birindən xal ala bilər. Bunu başa düşərək "Keşlə” ilə oyuna ciddi hazırlaşırıq. Rəqibin ilk turda "Qarabağ”la oyununu izləmişik. "Neftçi” ilə oyunda da qələbə şansımız var idi. Rəqibin adına görə uşaqlar bir az həyəcanlandı, nələrsə alınmadı. Amma bu, ev oyunumuzdu, çatışmazlıqları yoluna qoymalıyıq və qalib gəlməliyik”.

"Sabah”ın qarşıdakı oyun üçün ciddi itkisi yoxdu: "Yalnız yeni transferimiz Kevin Kubemba bizə kömək edə bilməyəcək – onu zədə üzündən qışa kimi itirmişik. Qalan futbolçularımızın hamısının oynamaq şansı var. Kiçik zədəsi olan oyunçularımız da problemini yoluna qoyub”.

Bakılıların son transferi Ozan Can Kökcünün debüt etmək ansı azdı. Komandaya yeni qoşulan futbolçu öncə heyətə uyğunlaşmalıdı: "Gizlətmirəm, onu daha çox limiti nəzərə alaraq heyətə cəlb etmişik. 21 yaşadək futbolçunun heyətdə olması şərtdi və millimizin də üzvü olan Ozan bizə kömək edəcək. Ola bilsin, elə bu turda debüt etsin. "Neftçi”yə qarşı oynayan Abbas Ağazadədən razı qaldım, limitə uyğun gələn digər oyunçularımız da var”.

"Sabah” bu mövsüm doğma meydanla bağlı sindroma da son qoymalıdı. Komanda son çempionatda itirdiyi xalların əksəriyyətini "Əlincə Arena”da əldən vermişdi: "Kaş yadıma salmazdız. Həmin oyunları unutmağa çalışıram. Ümid edirəm, o uğursuzluqlar ötən mövsümdə qaldı, inşallah, bu il elə şeylər olmayacaq. Hər hansı qorxu yoxdu, tilsimi qırıb, hədəflərimizə köklənməliyik”. (Futbolinfo.az)

Mənbə: fanat.az