PFL rəsmisi: “Yeniliklərin icrasını diqqətdə saxlayırıq”

PFL rəsmisi: “Yeniliklərin icrasını diqqətdə saxlayırıq”

“Peşəkar Futbol Liqası 2019/2020 mövsümü üçün yeniliklərin icrasını diqqətdə saxlayır”.

Bunları “Report”a PFL-in Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov deyib. Onun sözlərinə görə, I turda “Keşlə” ilə matçda “Qarabağ”ın bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə AFFA İntizam Komitəsinin klubu 800 manat məbləğində cərimələməsi bunun göstəricisidir.

“Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir ki, PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır.

Abbasov bildirib ki, PFL 2019/2020 mövsümünə tam olaraq yenilənmiş Əsasnamə ilə başlayıb. Onun sözlərinə görə, tətbiq edilən yeni qaydalar həm klublar, həm də futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.

Departament rəhbəri klubların Oyun Günü Planına riayət etmələrinə ciddi nəzarət olunacağını söyləyib: “Oyunun başlanmasına 120 dəqiqə qalmış AFFA nümayəndəsinin rəhbərliyi ilə oyunun təşkilinə cavabdeh olan şəxslərin birgə iclası başlamalıdır. Komandalar matçın startına 90 dəqiqə qalmış stadionda olmalıdırlar. Hər iki klub 75 dəqiqə qalmış oyunun protokolunu elektron (ehtiyac yaranarsa, kağız) şəkildə hakimə təqdim etməlidir. Görüşə 60 dəqiqə qalmış hava şəraitinə uyğun olaraq meydança 5 dəqiqədən çox olmayaraq sulanmalıdır. Bundan sonra komandalar isinmə hərəkətləri üçün meydana daxil ola bilərlər. Ən geci 15 dəqiqə qalmış komandalar və hakimlər soyunub-geyinmə otağına dönməlidirlər. 7 - 15 dəqiqə qalmış meydançanın 2 dəqiqə sulanıb-sulanmayacağına meydan sahibi qərar verəcək. 5 - 7 dəqiqə qalmış hakim komandaları meydana çıxmağa dəvət edir. 1 - 5 dəqiqə qalmış marşın səslənməsi, salamlaşma, püşkatma, yan xətt hakimlərinin qapı torlarını yoxlaması həyata keçirilir və nəhayət, start fiti səslənir. Fasilədə meydançanın sulanıb-sulanmayacağına meydan sahibi komanda qərar verir. Hər hansı komanda stadiona matçın təyin olunduğu vaxtdan 30 dəqiqə gec gələrsə, həmin komandanın oyunda iştirak etməməsi kimi qəbul olunur”.

Abbasov yeni mövsümdən ilk dəfə olaraq Onlayın Matç Sisteminin tətbiqinə başladıqlarını vurğulayıb: “Bu sistemin sıfırdan qurulmasında PFL prezidenti Ramin Musayevin böyük əməyi var. Özü şəxsən buna nəzarət etdi. Həmçinin qurumun baş direktor Məlik Həsənovun, Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin, Elçin Mehtiyevin, Rüfət Əliyev, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin, klubların və yarışların təşkilində iştirak edən digər departamentlərin də bu işdə payı var. Sistem 3 hissədən ibarətdir – admin, hakim və klublar. Artıq klublar mövsümlük bütün qeydiyyatlarını sistem üzərindən onlayın şəkildə edir. Daha əvvəlki kimi PFL-ə heç bir sənəd gətirmir. Bütün məlumatları elektron formada bazaya yerləşdirirlər. Hakimlərə gəlincə, artıq ədalət təmsilçiləri oyunlara gedərkən sifariş vərəqini və yekun protokolu onlayn şəkildə yerləşdirirlər. Yeni sistem klubların protokolları səhv doldurmalarını da əngəlləyir. Bildiyiniz kimi, ötən mövsüm bu cür hallar baş vermişdi. Hətta texniki məğlubiyyə alan da oldu. Klublara vahid əvəzetmə kartları da vermişik. “A” buraxılışının tətbiqinə ötən il başlasaq da, yeni mösvümdən şəkilli formada hazırladıq və rəsmi sənəd formasına gətirdik”.

PFL rəsmisi klublarla əlaqələri gücləndirdiklərini deyib: “Artıq telefona danışıqlarını minimuma endirmişik. Hər şey məktublaşma ilə olur. Mən sənə, sən mənə demişdin – söhbəti yoxdur. Ümumilikdə, yeniliklərin tətbiqində PFL-ə istər klublar, istər digər aiddiyatı qurumlar, istərsə də mətbuat böyük dəstək verib”.

Mənbə: report.az