Nazim Süleymanov: “AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır ki, fəaliyyət göstərək”

Nazim Süleymanov: “AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır ki, fəaliyyət göstərək”

“Öncə təsis qrupu yaratmışdıq. Bu qrupla fəaliyyət göstərirdik”.

APA-nın məlumatına görə, bunu AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının sədri Nazim Süleymanov deyib.

Qurumun bu gün keçirilən təsis konfransında ittifaqın rəhbəri seçilin futbol veteranı tədbirdən sonra jurnalistlərə açıqlama verib. O, təşkilatın adının öncədən planlaşdırıldığından fərqli olmasına aydınlıq gətirib: “AFFA-da baş katib Elxan Məmmədovla görüşdük. Görüş zamanı bilindi ki, assosiasiyada həmkarlar ittifaqı yoxdur. Biz bölgələrdə olduq, futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Onların problemləri ilə tanış olandan sonra fikirləşdik ki, federasiyada da belə ittifaq yoxdursa, təşkilatın adı Azad Azərbaycan Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı deyil, AFFA Həmkarlar İttifaqı olsun. Bu gün də bu ittifaqı təsis etdik”.

N.Süleymanov bildirib ki, təşkilatın yaranması üçün AFFA-nın icazə və ya razılığı alınmasına ehtiyac olmayıb: “Həmkarlar təşkilatı heç kimdən icazə almır”.

Təşkilatın sədri tədbirə dəvət almayan bəzi veteranların bundan narazılığına, yeni ittifaqın yaranmasından narahat olmasına da münasibət bildirib: “Həmkarlar ittifaqı və digər təşkilatların fərqi var, yoxsa eynidir? Əgər bizim təşkilatlar fərqlidirsə, bir-birimizə dəstək olmalıyıq. Mən başqa təşkilatlar barədə danışmaq istəmirəm. Biz AFFA Həmkarlar İttifaqını təsis etdik. Bu daxili iclasdır. Kim ittifaqın üzvüdürsə, onlar da iştirak edirdilər. Biz ancaq AFFA-ya müraciət edib, dəvət göndərdik. Kimi dəvət etməli idik ki? Heç kimi çağırmamalıyıq. Həmkarlar İttifaqına dəvət göndərmişik”.

Tanınmış futbolçu və məşqçi rəhbəri olduğu ittifaqın fəaliyyətinə də toxunub: “Məqsədimiz genişlənmək, bölgələrdə komitələr yaratmaq, sıralarımızı böyütməkdir. Bu gün 150-dən çox üzvümüz var. Ona görə çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Azərbaycan futbolundakı bəzi haqsızlıqları aradan qaldıraq. Futbolda çalışanların haqlarını qoruyan bir təşkilat olmalıdır ki, onların hüquqlarını qorusun. AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər. Biz qurumun nəzdindəyik. AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır ki, fəaliyyət göstərək. Biz ictimai təşkilatıq. Bu, hamının təşkilatıdır. Çalışaq Azərbaycan futboluna xidmət göstərək”.

N.Süleymanov qarşıdakı planlar barədə də danışıb: “Bölgələrdə görüşlər keçirilib və yenə təşkil olunacaq. Bu gün ittifaqı təsis etdik. Bölgələrdə komitələrimizi təsis edəcəyik. Onlarda da sədr seçəcəyik və ittifaqa birləşdirəcəyik. Mən “Pro” kateqoriyalı məşqçiyəm. Futbol oynamışam, bitirəndən sonra məşqçi kimi çalışmışam. Sabah dəvət gələrsə, məşqçi kimi də işləyərəm. Funksioner kimi çalışmağıma gəlincə, bu gün zərurətdir ki, təşkilat yaransın. Futbol ictimaiyyətindəkilərin hüquqlarını qorumaq üçün vacib idi”.

Mənbə: apa.az