“Doğma komandamızın hazırkı durumu məni çox utandırır”

“Doğma komandamızın hazırkı durumu məni çox utandırır”

“Neftçi” komandasının veteran futbolçusu kimi doğma komandamızın hazırkı durumu məni çox narahat edir, hətta utandırır. Zənnimcə, bunun bir sıra səbəbləri var. Bunlardan ən vacibi, tez-tez həyata keçirilən baş məşqçi dəyişikliyidir və bu məqam komandanın bugünkü performansına çox pis təsir edir. Hər məşqçi komanda üzərində təcrübələr aparır və bu öz növbəsində, oyunçulara çətinliklər yaradır”.

Bu sözləri vaxtilə “Neftçi”nin, eyni zamanda, Naxçıvanın “Araz” klubunun formasını geyinmiş veteran futbolçumuz Adil Hüseynov deyib.

O, komandanın hazırkı durumundan narazılığını dilə gətirib: “Hal-hazırda məşqçi dəyişikliklərinin komandaya heç bir faydası yoxdur. Heç birimiz məğlubiyyətdən sığortalanmamışıq. Nə olursa olsun, ləyaqətlə uduzmağı bacarmalısan. Lakin, əfsuslar olsun ki, “Neftçi” komandasının məşqçiləri “Qarabağ” komandasına məğlub olduğu oyunların düzgün analizini edə bilmədilər. İndi onlar nə desələr də, bunlar sadəcə bəhanələr və özlərinə haqq qazandırmaq cəhdləridir. Futbolda yeganə fakt tabloda görünən rəqəmlərdir. Beş və ya daha az top fərqi ilə uduzmağınızdan asılı olmayaraq, məğlub olmaq hər dəfə eyni dərəcədə məyusedicidir. Demək istəyirəm ki, oyunçular üçün fərqli məyusluq səviyyələri yoxdur. Yalnız iki seçim var: qazanmaq və ya itirmək.

Bəs “Neftçi” və onun futbolçularına nə oldu? Komanda niyə futbol oynamağı dayandırdı? Niyə komandanın əsas gücü olan, oyun zamanı “12-ci oyunçu” funksiyasını yerinə yetirən “Forza Neftçi” fan-klubu ilə münasibətlər bu dərəcədə gərgindir? Biz bu suallara cavab almalıyıq, nəinki məşqçilərdən və futbolçulardan, o cümlədən, komandanın rəhbərlərindən, çünki bu, bütün sistemin uğursuzluğudur. Bu situasiyada isə azarkeşi qətiyyən qınamaq olmaz. Komanda həmişə qızıl medallar uğrunda mübarizə aparıb, Azərbaycan futbolunun siması olub. Amma bu gün Azərbaycanın orta səviyyəli komandası “Neftçi”ni asanlıqla məğlub edir. Bütün bu bu məğlubiyyətlər ciddi problemə çevrilib, futbolçuların bacarıq və qabiliyyətlərinə, onların özlərinin və azarkeşlərin psixologiyasına təsir edir. Bu uğursuzluqları aradan qaldırmaq üçün “Neftçi” komanda kimi hazırlanması sistemində əsaslı dəyişikliklər lazımdır və futbolçulara mənəvi-psixoloji dəstək göstərilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti olan sabiq futbolçu Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

Daha sonra Adil Hüseynov “Neftçi”də oynadığı illərdəki fotolarını bizə təqdim edib:

Bu şəkil 70-ci illərdə “Neftçi” komandası təlim-məşq bazasında çəkilib. Fotoda “Neftçi”nin Rəhmanov, Namazov, Kramarenko , Cavadov, Qurbanov, Smolnikov və digər əfsanəvi futbolçuları yer alır:

Bu fotoda isə Adil Hüseynov, Bəxtiyar Qulamov və komandanın rəisi Gulbala Allahverdiyev var:

Şəkildə Adil Hüseynov, Səməd Qurbanov, Telman Əzizov , Səmədağa Şıxlarov və Tofiq Abbasov...

Mənbə: qafqazinfo.az