Ramil Əhməd: Mənim nailiyyətlərim - sizin qələbənizdir

Ramil Əhməd: Mənim nailiyyətlərim - sizin qələbənizdir

Son illərdə Azərbaycanda pauerliftinq populyarlıq qazanır, çoxsaylı yarışlar keçirilir. Daxili çempionatda yüksək nəticə göstərən azərbaycanlı idmançılar daha da ucaltmaq üçün dünya arenasına çıxırlar. Bu gün biz Azərbaycanda keçirilən sonuncu pauerliftinq yarışının nəticələri ilə bağlı ölkənin ən tanınmış pauerliftinqçilərindən biri, ikiqat dünya, altıqat Avropa çempionu Ramil Əhmədovla danışmağa qərar verdik.

- Ramil, salam. 20-22 sentyabr tarixində pauerliftinq üzrə növbəti Azərbaycan kuboku keçirilib. Sizin üçün yarış nə ilə yadda qaldı, və öz çıxışınızı necə qiymətləndirisiniz?

- Bəli, siz doğru qeyd etdiniz, 20-22 sentyabr tarixində Xırdalanda "AAF Park Zirvə"də pauerliftinq üzrə növbəti Azərbaycan kuboku keçirilib. Bu yarışlarda mən ekipirovkasız 96 kiloqramm çəki ilə 100 kiloqramma qədər çəki kateqoriyasında çıxış etdim. Əgər çıxışımı beş ballıq şkala üzrə qiymətləndirsək, 4+ kimi qiymət verərdim. Dostum Hafiz Verdiyevlə yarışlarda güc gələcəyim təxmini çəkini hesablamışdıq. Lakin ştanq və cazibə qüvvəsi öz sözünü dedi. Buna baxmayaraq ştanqla oturub-durma və "Deadlift" (ştanqı yerindən dartma) hərəkətlərində yaxşı nəticə əldə olundu. Ümumi nəticədə də irəliləyiş var.
- Qarşıda hansı yarışlar var və siz, artıq bu yarışlara hazırlıqlara başlamısınızmı?

- Reqlamentə görə noyabr və dekabrda bizi iki yarış gözləyir: Sankt-Peterburqda keçiriləcək Pauerliftinq üzrə Şərqi Avropa çempionatı və World Powerlifting Federation (WRPF) tərəfindən təşkil edilən V Dünya çempionatı. Reqlamentdən kənar Sankt-Peterburqda Şimali Avropa çempionatı keçiriləcək. Əgər sponsorlar tapılsa, bu yarışda da iştirak etmək mümkün olacaq. Sizin sualınız yaran bilər ki, "niyə görə bir ildə bu qədər yarışda iştirak etmək lazımdır?"

- İdmançı kimi daima öz üzərimdə çalışıram, hər yarış formamı yaxşılaşdırır. Şimali Avropa çempionatı Pro Card-a sahib olmağa imkan yaradır. Qeyd edim ki, hazırda Azərbaycanda yeganə Pro Card sahibi mənim dostum Hafiz Verdiyevdir.

Mən ümumilikdə nəticəni 7.5 kiloqramm artırdım və bununla da, inkişaf etdiyimi və milli komandaya lazım olduğumu təsdiqlədim (ştanqla oturub-durma 282.5 kq, ştanqı sinədən qaldırma 210 kq, ştanqla yerindən dartma 335 kq, ümumi - 827.5 kq).

Əgər bunun son doqquz ayda artıq beşinci çıxışım olduğunu və güclü emosional təsir altında çıxış etdiyimi nəzərə alsaq, demək olar ki, mən ciddi itkisiz qalib oldum.

Belə ki, mart ayında keçirilən Azərbaycan çempionatında "fullraw" (ekipirovkasız) şərtləri ilə 97 kiloqramm çəki ilə 100 kiloqramm çəkiyə qədər kateqoriyada qalib olmuşdum (yuxarıda göstərilən üç hərkətin hər birində müvafiq olaraq 280, 210, 330 kq, ümumi - 820 kq).

10-12 may tarixində Sankt-Peterburqda WRPF Avropa çempionatnda 97 kiloqramm çəki ilə 100 kiloqramm çəkiyə qədər kateqoriyada Avropa çempionu adını qazanmışam (müvafiq olaraq 310, 210 və 315 kq, ümumi - 835 kq).
17-19 may tarixində Konstantin Konstantinovun (pauerliftinqçilər arasında əfsanəvi şəxsiyyət) adına beynəlxalq WRPF turnirində 97 kiloqramm çəki ilə 100 kiloqramm çəkiyə qədər kateqoriyada ikinci yeri tutmuşam (müvafiq olaraq 315, 210 və 315 kq, ümumi - 840 kq).

29 may -1 iyun tarixində Ümummilli lider Heydər Əliyevin 96-illik xatirəsinə həsr olunmuş kişilər və qadınlar arasında pauerliftinq üzrə beynəlxalq turnirdə üç idman növündə (ştanqla oturub-durma, ştanqı yerdən dartma (dedlift) və ştanqı sinədən qaldırma )110 kiloqramm çəkidə (100,7 kq) qələbə qazandım və mütləq çempionlar arasında ən yaxşı 3-cü oldum (280 kq, 200 kq, 332,5 kq = 812.5 kq)
Mənim hazırlaşmağımda və məşqlərimdə iştirak edən dostum, Pro Cardı-ın yeganə sahibi Hafiz Verdiyevə öz dərin təşəkkürümü bildirirəm. Bütün bu nailiyyətlər sizin qələbənizdir - Azərbaycan idmanının qələbəsi.

- Niyə məhz pauerliftinq?

- Hər bir kişi ilk növbədə öz Vətəninin müdafiəçisidir. Buna görə idman, buna görə də sağlam həyat tərzi. Ümumilikdə, əlbəttə ki, istənilən idman növü spirtli içkinin qəbulu, siqaret kimi pis vərdişlərdən daha üstündür. Buna görə də, mən gəncləri idmanla məşğul olmağa, güclü, sağlam olmağa, həyatda və idmanda yüksək nailiyyətlərə imza atmağa, Vətənimizi, Azərbaycan xalqını dünyaya yalnız ən yaxşı tərəfdən tanıtmağa çağırıram.

Milli.Az

Mənbə: news.milli.az