"Tiki-taka" üslubunu yeni səviyyəyə çatdıran Pepin missiyasını kim davam etdirəcək?

"Tiki-taka" üslubunu yeni səviyyəyə çatdıran Pepin missiyasını kim davam etdirəcək?

Pep Qvardiolanın futbol tarixinin ən yaxşı məşqçilərindən olması danılmaz faktdır. İspaniya, Almaniya və İngiltərədə saysız uğurlar əldə edən "Mançester Siti"nin çalışdırıcısının "tiki-taka" üslubunu yeni səviyyəyə çatdırması artıq hamı tərəfindən qəbul edilib. O, həm də yeni nəsil məşqçilərin bir çoxunun müəllimi hesab edilir. Belə mütəxəssislərin sayı kifayət qədərdir və artıq çəkinmədən Pepin məktəb formalaşdırdığını demək olar.

"Kaspi" qəzeti budəfəki yazısında "Qvardiolanın məşqçilik ağacının budaqları"ndan bəhs edib. Son olaraq onlardan Vensan Kompani "Bavariya"ya, Entso Mareska "Çelsi"yə çalışdırıcı təyin edilib.

Əsas rəqibə çevrilən assistent

Mikel Arteta heç vaxt Pepin rəhbərliyi altında oynamasa da, "Barselona"nın keçmiş çalışdırıcısı 2016-cı ildə "Mançester Siti"nin baş məşqçisi təyin olunanda həmyerlisinin istedadını hiss edərək onun üç köməkçisindən biri etdi. Qvardiola Artetanın Premyer Liqadakı 11 illik futbolçuluq təcrübəsinə önəm verirdi və bu işdə onun dəstəyinə arxalana biləcəyindən əmin idi. Hətta həmin zaman çoxu Pepin Mikeli "Mançester Siti"dəki xələfi kimi formalaşdırdığını düşünürdü. Lakin Arteta keçmiş klubu "Arsenal"dan gələn təklifi geri çevirə bilmədi və 2019-cu ildə yenidən Londona köçdü. "Topçular"ı pillə-pillə yüksəldən gənc mütəxəssis 2022/23 mövsümündə Qvardiolanın əsas rəqibinə çevrildi. Onun komandası çempionluğu yalnız son turlarda uduzdu. Ötən mövsüm isə ikilinin rəqabəti daha üst səviyyəyə çatdı. "Mançester Siti" yalnız son turda rəqibini üstələyə bildi.

"Ulduzlarda yazılan tale"

Qvardiola "Mançester Siti"də xələfi kimi Vensan Kompanini görür. Belçikalı keçmiş müdafiəçi 11 il "şəhərlilər"in uğurları üçün çalışdı və zəhməti hədər getmədi. Təkcə onu qeyd etmək kifayətdir ki, bu müddətə dörd Premyer Liqa çempionluğunu sığışdırmaq mümkün oldu. Üç il Qvardiola ilə işləyən Kompani əvvəlcə "Anderlext"də, ardınca "Bernli"də pas oyunu, hücum stilini tətbiq etdi. "Bernli"ni Premyer Liqaya yüksəltsə də, orada ilk mövsümü uğursuz alındı və komanda "Çempionşip"ə qayıtdı. Kompani isə gözlənilmədən "Bavariya"nın baş məşqçisi təyin edildi. Qvardiola onun gec, ya tez "Mançester Siti"yə qayıdacağına əmindir.

Mirasa sahib çıxan tələbə

"Barselona" Qvardioladan sonra sanki uzun müddət axtardığı məşqçini tapa bilmirdi. Son illərdə isə bu böhran pik həddinə çatmışdı. "Barsa"da keçirdiyi dörd möhtəşəm il ərzində Qvardiolanın meydandakı gözü və qulağı olan Xavi, nəhayət, mirasa sahib çıxdı. Qətərin "Əl-Sədd" klubundakı fəaliyyətindən sonra 2021-ci ildə o, Kataloniya klubunda Ronald Kumanı əvəzlədi. Xavinin rəhbərliyi altında komanda 2022/23 mövsümündə "Real Madrid"i üstələyərək dörd illik fasilədən sonra çempion oldu, eyni zamanda Super Kuboku qazandı. Lakin onun məşqçiliyi heç də birmənalı qarşılanmırdı. Qvardiolanın stilindən fərqli olaraq "Barselona" nisbətən müdafiəyəmeyilli görünürdü. Lakin zaman göstərdi ki, bu, Xavinin əlindəki resurslara uyğun atdığı məcburi addım idi. Bu mövsüm katalonlar daha hücumameyilli idilər. Lakin komanda yekunda La Liqada ikinci yeri tutdu, Avropada isə yenə uğur qazanmaq mümkün olmadı. Bununla belə, istefaya göndərilən Xavinin məşqçi kimi hələ deməyə çox sözünün olduğu şübhə yaratmır.

Yaxın gələcəyin Arteta nümunəsi

"Çelsi"nin yeni baş məşqçisi Entso Mareskanın da yolu Qvardiola ilə kəsişib. Əvvəlcə "Sevilya"da Xorxe Sampaolinin assistenti olan argentinalı daha sonra "Mançester Siti"nin gənc komandasının başına keçdi. Ardınca İtaliyada "Parma"nı çalışdıran və komandanı üst liqaya çıxara bilməyən Mareskanın karyerasında Qvardiolanın köməkçisi kimi "Mançester Siti"yə qayıtmasından sonra yeni səhifə açıldı. Ötən mövsüm isə Mareska "Lester Siti"ni Çempionşipdən Premyer Liqaya yüksəltdi. Bu yay "Çelsi"də Poçettinonu əvəzləyən Mareskanın yaxın gələcəkdə növbəti Arteta nümunəsi olacağını istisna etmək mümkün deyil.

"Mini Pep"

Eyni meydançada "Bavariya" komandalarına məşq keçəndə və uzun-uzadı taktiki söhbətlər aparanda 10 il sonra iki əzəli rəqib - Mançester klublarının başında olacaqlarını yəqin ki, heç özləri də düşünmürdülər. Elə Erik ten Haqın "Qo Ehed İqls"ı Erediviziyaya yüksəltdikdən sonra Almaniya Regional Liqasında işləmək üçün "Bavariya"nın əvəzedici komandasına yollanması da hər kəsi təəccübləndirmişdi. Lakin orada tezliklə Qvardiola ilə qurduğu yaxın münasibət gələcək məşqçilik karyerasına böyük təsir göstərəcəkdi. Hətta "Bavariya"da ona "Mini Pep" ləqəbi də qoymuşdular. "Ayaks"dakı möhtəşəm mövsümlərdən sonra Eriki xilaskar kimi "Mançester Yunayted"ə baş məşqçi təyin etdilər. Düzdür, hələlik onun missiyanın öhdəsindən gəldiyini demək olmaz. Lakin klub rəhbərliyi onun "qırmızı şeytanlar"ın əvvəlki əzəmətini geri qaytaracağına inanır.

Alonso və digərləri

Bu mövsüm "Bayer"də xarüqələr yaradan Xabi Alonsonun üzərində də Qvardiolanın təsiri danılmazdır. Düzdür, onun məşqçilik stilində Rafael Benitez və Joze Mourinyonun oyun stilindən daha çox şey tapmaq olar. Lakin "Bavariya"da Pepin rəhbərliyi altında oynayan ispaniyalının dominant oyun fəlsəfəsini və orta xətdə qısa pasların çoxluğu tərzini məhz Qvardioladan mənimsədiyini demək olar.

Yolu birbaşa Peplə kəsişənlərdən Xavyer Maskerano Argentina U-20 millisinin başında ilk addımlarını atır və onun da potensialı böyük qiymətləndirilir. "Qvardiola məktəbi"nin məzunları arasında təkcə Tyerri Anrinin məşqçi kimi gözlənilən effekti vermədiyini söyləmək olar. Lakin ümumən adı bu yazıda qeyd olunmayan, yolu birbaşa Qvardiola ilə kəsişməsə də, onun oyun fəlsəfəsini mənimsəyib tətbiq edən kifayət qədər mütəxəssis var.

Mənbə: oxu.az