Aleksander Çeferin: "AVRO-2020-nin yeganə problemi logistika ilə bağlıdır"

Aleksander Çeferin: "AVRO-2020-nin yeganə problemi logistika ilə bağlıdır"

“Yaxın gələcəkdə 12 şəhərin Avropa çempionatına birgə ev sahibliyi edəcəyini düşünmürəm. İki ölkə ola bilər, amma daha çox yox”.

“Report” xəbər verir ki, bunu "RİA Novosti”yə müsahibəsində UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 barədə danışarkən deyib. 52 yaşlı sloveniyalı funksioner qarşıdakı Avropa çempionatının uğurlu keçəcəyinə inandığını söyləyib: “Mən UEFA-ya rəhbərlik edənə qədər artıq AVRO-2020-nin indiki formatda keçirilməsi barədə qərar verilmişdi. Bu, olduqca yaxşı bir fikirdir. Gələn il ilk Avropa çempionatının 60 illiyini qeyd edirik. Beləliklə, çoxlu sayda ölkəni, mədəniyyətləri, dinləri birləşdirən pan-Avropa turniri ideyası mənə olduqca maraqlı və orijinal görünür".

Çeferinin fikrincə, yeganə problem onun həyata keçirilməsindəki logistika sarıdan çətinliklərdir: "AVRO-2020-yə ev sahibliyi edən ölkələrdə qanunvericiliklər, valyutalar fərqlidir, haradasa viza lazımdır, haradasa yox. Ancaq əminəm ki, bütün bunlar həll edilə biləcək məsələlərdir və turnir uğurlu keçəcək”.

Qeyd edək ki, ilk dəfə olaraq AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.

Mənbə: report.az