Döyüşən qocalar: tanıyırıq Oqtayı, olmaz Nazimin tayı

Döyüşən qocalar: tanıyırıq Oqtayı, olmaz Nazimin tayı

Döyüşə qocalar gedir. Ağsaqqalların mübarizəsindən qalib ayrılanlar bəlkə də dönüşə sahib oldular. Amma keçmişdə elə şeylər olub ki, bu gün onların atışmasında danışıq səsləri güllə səslərindən daha bərk eşidilir. İttihamlar, qaralamalar, qarğışlar...

Hər şey Elxan Məmmədovun taktikasına uyğun gedir. AFFA-nın baş katibi kənarda dayanıb və futbol adamlarının bir-birini qırmasına şərait yaradır. Hərdənbir Yunis Hüseynova vəzifə, başqa birinə vəd verməklə ocağa odun atır, qızışdırır.

Nazim Süleymanovun rəhbərliyi ilə yaradılan Futbol Veteranları Azad Həmkarlar İttifaqının yanlışları çoxdu. Sırf hüquqi məsələlərdə o qədər səhv edilib ki, təşkilat ilk gündən qeyri-ciddi görünüb. Amma Süleymanovun öz adı, nüfuzu bütün bunların kölgəyə çəkilməsi üçün yetərlidi. Və xeyli veteranın Nazim bəyin ətrafında birləşməsi, narazılığın böyüməsi kimlərisə qorxuya salıb.

Mühafizəkar kimi görünən, əslində isə daha çox "baş üstə” deməyi bacaran, "təminolunmuşlar sinfi”nin nümayəndələri il ərzində keçirdikləri iclasları bir aya sığışdıracaq qədər fəallaşıblar. Alternativ qüvvənin varlığı onları hərəkətə keçirib, fəallaşmağa vadar edib. Və ömrü boyu iki kəlməni ardıcıl deməyənlər indi natiq olub, kiminə mədhiyyə, kiminə tənqid yağdırır.

"Neftçi"nin köhnə bazasında Azərbaycan Futbol Veteranları İttifaqının iclası keçirilib. Qurumun sədri Oqtay Abdullayev problemlərdən yox, Futbol Veteranları Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov haqda danışıb. O, veteranları Nazim bəyin müsahibəsinə reaksiya vermək üçün yönəltməklə yığışmaqda məqsədlərinin nə olduğunu göstərib.

Futbolçu kimi hətta orta səviyyəli biri olmayan Abdullayevin hansı haqla veteranlara rəhbərlik etdiyini bilmirik, amma Elxan Məmmədovun taktikasını düzgün icra edir. O, dağıdılanlar pullardan yox, AFFA-nın qayğısından danışıb və s.

AFFA Məşqçilər Komitəsində "maaşa oturan” Şakir Qəribov özünü sülh göyərçini kimi göstərməyə çalışıb. Ramiz Məmmədov da ondan geri qalmayıb. AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun dedikləri də maraqlıdı: "Heç kimə ixtiyar verilməyib ki, veteranları belə müzakirəyə çıxarasan. Nə sözümüz varsa, yığışacağıq, fikirlərimizi ifadə edəcəyik, məsələni həll edəcəyik. Mənə də yeni struktur haqda zəng vurmuşdular. Soruşdum ki, ondan bizə nə fayda gələcək? Dedi ki, futbol veteranları haqda düşünəcəklər, ümumilikdə Azərbaycan futbolu barəsində yox. Və mən də dedim ki, ümumi futbolumuzun inkişafına olacaqsa, ikiəlli razıyam. Dünyada 190-dan çox ölkə var ki, milli çempionatları var, ancaq çoxlarında belə həmkarlar təşkilatı yoxdu. Bəs bizdə - 8 klubun, 200 futbolçunun olduğu bir yerdə necə olacaq? Veteranlar futbolçulardan ayrı olacaqsa, onda uğur gözləməyin. Həmişə belə söz-söhbətlər olacaq. Onlar özləri də bilimirlər ki, niyə bu təşkilatı yaradıblar. Nazim Azərbaycan futboluna kömək etmək istəyirsə, onda azarkeşlərlə bağlı məsələləri həll etsin. Belə hərəkəti isə artıq mövcud olan strukturu dağıtmaq deməkdi".

"Bizə nə fayda” deyən İsmayılovun sözləri mənim üçün maraqsızdı. Ömrü boyu ancaq özü üçün fayda axtaran bu adamın Fuad Musayevə görə "Neftçi”yə, yeni rəhbərliyə görə isə Fuad Musayevə hansı xəyanəti etdiyini yaxşı bilirik. Onun indi düzlükdən, birlikdən, hansısa işdən danışması ayıbdı.

Maşallah Əhmədov və Kazbek Tuayevin çıxışı illərdi "hər işlərinə yarayan” Abdullayevə "qorxma, qorxma” deməkdən ibarət olub: "Burda hamı Oqtayı sevir və hörmət edir. Çünki o, hamımıza kömək edir. Arzu edirəm ki o, daha çox şeyə nail olmaqda davam etsin ".

Həmişə kömək güdən bu insanlara Süleymanov azca daha yaxşısını vəd etsə, onlar yeni təşkilatın da sıralarında görünə bilər. Və s. və i.

Nazim bəyi təkləmək, nüfizdan salmaq istəyirlər. Səhvləri olub, yanlışları da mümkündü. Lakin belə səhvlər başqalarında daha çoxdu. Yeganə azərbaycanlı Rusiya çempionunu gözdən salmağa çalışdıqca bu adamlar özləri də kiçilir. Ən yaxşımız pisdirsə, o zaman siz kimsiz? Axı, Süleymanovla yanaşı siz də kiçilirsiz. Nə qədər gözdən salmağa cəhd etsəz də, yenə o sizdən xeyli üstdə olacaq. Ortada əlahəzrət faktlar, tarix var.

Futbol veteüranı deyiriksə Abdullayevlə Süleymanov ümumiyyətlə, müqayisəyə gəlməz. Legioner karyerası öz yerində bu adamların "Neftçi” karyerasına diqqət edək. Nazim bəy flaqmanda 190 matçda 32 qol vurub. Oqtay bəyin oyun sayı isə Süleymanovun qollarından da azdı – 28 oyun, 1 qol. Və illərdi Abdullayev veteranların rəhbəridi, AFFA 4-5 postu eyni zamanda ona etibar edib.

Vəzifə, kreslo şirindi, onu qorumaq üçün hər yola gedirsiz. Amma heç olmasa Nazimə tay olanı ortaya çıxarın, Oqtay olanı yox.

Mənbə: futbolinfo.az

Mənbə: fanat.az