Azərbaycan millisinin hücumçusu: "Macarıstanla matçda yaxşı nəticəyə ümid edirik"

Azərbaycan millisinin hücumçusu: "Macarıstanla matçda yaxşı nəticəyə ümid edirik"

"Bizim üçün maraqlı oyun alındı. Qarşılaşma bol qollu keçdi".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov yoldaşlıq görüşündə Bəhreyni 3:2 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

27 yaşlı hücumçu Bəhreyndəki görüşdə hava şəraiti ilə əlaqədar çətinliklə üzləşdiklərini bildirib: "Hava şəraiti bizə çox çətinlik törədirdi. Rütubət də kifayət qədər çox idi. Bütün bunlara baxmayaq, özümüzü toparladıq və qələbə qazana bildik".

Ramazanov artıq AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər qarşılaşmasına kökləndiklərini sözlərinə əlavə edib: "Macarıstanla oyunun hazırlıqlarını davam etdiririk. Budapeştdəki matçda da yaxşı nəticəyə ümid edirik".

Qeyd edək ki, oktyabrın 13-də “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mənbə: report.az